Prezident fərman imzalyıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 283-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
"İnformator.az" fərmanın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; 2025, № 4 (I kitab), maddə 340, № 6, maddə 561, № 7, maddə 633) 4-cü hissəsində “İnhisarçılıq hərəkətləri və rəqabəti” sözləri “Rəqabəti” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının
2025-ci il 31 oktyabr tarixli 283-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 6.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610 (Cild I); 2024, № 8, maddə 947) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “, 6.5-ci maddələrində” sözləri “maddələrində, 6.3-cü maddəsinin ikinci cümləsində, 6.5-ci maddəsində” sözləri ilə əvəz edilsin;
3.2. 2.2-1-ci bəndə “Qanunun” sözündən sonra “6.3-cü maddəsinin ikinci cümləsində və” sözləri, “dedikdə” sözündən sonra “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459, № 8, maddə 763) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.9.1-ci yarımbəndə “ərazidə” sözündən sonra “müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri istisna olmaqla,” sözləri əlavə edilsin;
4.2. 4.9.2-ci yarımbənddən “, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I); 2024, № 8, maddə 948, № 11, maddə 1199; 2025, № 3, maddə 227, № 9, maddə 820; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 noyabr tarixli 526 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.22-ci və 3.1.25-1-ci yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
“3.1.22. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (Şuşa şəhərinin ərazisi istisna olmaqla) yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək;”;
“3.1.25-1. Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək;”.
