00:00:00
Yazar
Admin User
17.10.2025 11:18 145 3 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev Fransanın yeni səfirini qəbul edib

Prezident İlham Əliyev Fransanın yeni səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib. Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Məsələ ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Fransa arasında hazırkı diplomatik münasibətləri müəyyən mənada stabil mərhələyə keçmiş hesab etmək olar:

 

"Yəni, bu gün iki ölkə arasında münasibətlər əvvəlki kimi gərginlik fonunda deyil, lakin eyni zamanda problemlərin tam həll olunduğu və əlaqələrin tam şəkildə yaxşılaşdığı bir dövrdə də deyilik. Hazırkı vəziyyətdə münasibətlərin həm pisləşməsi, həm də yaxşılaşması ehtimalı qalmaqdadır. Bu isə hər iki dövlətin növbəti xarici siyasət addımlarından asılı olaraq formalaşacaq. Əslində, məsuliyyət Azərbaycan tərəfinin üzərində deyil. Çünki Azərbaycan əvvəldən bütün tərəflərlə sülh şəraitində, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan siyasət yürüdür. Fransa isə Qarabağ münaqişəsinin davam etdiyi illərdə ermənipərəst mövqeyi və anti-Azərbaycan ritorikası ilə iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurub. İndi isə həmin yaraları sağaltmaq ilk növbədə Fransa tərəfinin üzərinə düşür. Bu gün Fransa artıq başa düşür ki, Qarabağ həqiqətən də Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistanın hazırkı rəhbərliyi Paşinyan iqtidarı da bu reallığı qəbul edib. Belə olan halda fransız tərəfi də anlayır ki, onların əvvəlki mövqeyi səhvdir. Mədəni və humanitar əlaqələrin inkişafına gəldikdə isə, qeyd etmək lazımdır ki, Azərbaycan və Fransa mədəniyyətləri arasında ciddi fərqlər mövcuddur. Hər bir xalqın və dövlətin tarix süzgəcindən keçmiş özünəməxsus milli mədəniyyət dəyərləri var. Dövlətlər də öz milli kimliklərini, mədəniyyətlərini qorumağa çalışırlar. Bu baxımdan, Azərbaycan və Fransa arasında dil, din və etnik baxımdan fərqlər kifayət qədər böyükdür. Buna görə də iki xalq arasında mədəni yaxınlaşma tam mənada mümkün deyil".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, Azərbaycanın Türkiyə ilə mədəni əlaqələrinin bu qədər güclü olmasının səbəbi ortaq tarix, dil, din və etnik bağlılıqlardır:

 

"Eyni hal Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə də müşahidə olunur, əvvəllər arada böyük məsafələr olsa da, bu fərqlər getdikcə azalır. Fransa ilə isə oxşarlıqlar çox azdır. Buna görə də Fransa tərəfi başa düşməlidir ki, “imperial davranış” mədəni əlaqələrin inkişafına xidmət etmir. Əgər qarşılıqlı mədəni əməkdaşlıq qurulacaqsa, bu, ancaq qarşılıqlı hörmət və dəyərlərə anlayışla yanaşmaq prinsipi üzərində olmalıdır. Yalnız bu halda mədəni-humanitar əlaqələr dərinləşə bilər. Diplomatik və iqtisadi münasibətlərin inkişaf perspektivlərinə gəldikdə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynaması iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verə bilər. Bundan başqa, əgər Rusiya amili hər iki tərəf üçün ortaq təhlükə kimi dəyərləndirilərsə, bu da Azərbaycan-Fransa münasibətlərini diplomatik və siyasi baxımdan yaxınlaşdıra bilər. Yeni çoxqütblü dünya sistemində tərəfdaşlıqların əhəmiyyəti daha da artacaq. Azərbaycan da, Fransa da yerləşdikləri regionlarda önəmli ölkələr sayıldıqları üçün bu yeni reallıqları nəzərə alaraq xarici siyasətlərini formalaşdırmalıdırlar. Bu yanaşma da iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına səbəb ola bilər. Lakin açıq danışsaq, Fransanın imperial xislətindən nə dərəcədə imtina edəcəyi hələ də sual altındadır. Bütün sualların cavabı da məhz bu məsələdə gizlidir: əgər Fransa imperial maraqlarından və iddialarından əl çəkərsə, o halda Azərbaycan-Fransa münasibətləri də tam mənada normallaşa bilər".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər