Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb
Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda III Beynəlxalq Konfransda Prezident İlham Əliyevin müraciəti səsləndirilib. Müraciəti Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev təqdim edib. Dövlət başçısı bildirib ki, azərbaycanlılar tarixi torpaqlarından dəfələrlə zorla köçürülüb, Ermənistan ərazisindəki mədəni irs isə sistemli şəkildə məhv edilib. Prezident qayıdış hüququnun BMT sənədlərində təsbit olunduğunu və bu prosesə beynəlxalq dəstəyin vacibliyini vurğulayıb. O, 2025-ci ildə Vaşinqtonda imzalanan Birgə Bəyannamənin regionda sülh və birgə yaşayış perspektivlərini gücləndirdiyini qeyd edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Hüseyinov bildirib ki, böyük dövlətlər uzun illərdir dünyanın müxtəlif bölgələrində separatizm ocaqları yaradaraq qlobal və regional siyasətə nəzarət etməyə çalışırlar:
"Separatizm bu qüvvələrin əlində regionları idarə etməyin alətinə çevrilib. Tarix boyu Azərbaycan xalqı və ümumilikdə türk dünyası bunun ağır nəticələri ilə üzləşib. Ermənilər isə bu siyasətdə daima alət rolunda istifadə olunublar. Cənubi Qafqaza ermənilərin məqsədli şəkildə yerləşdirilməsi təsadüfi deyildi. Bu proses böyük planın tərkib hissəsi olaraq həm Azərbaycan torpaqlarının parçalanmasına, həm də türk dünyasının bölünməsinə xidmət edirdi. Zəngəzurun və İrəvanın Azərbaycandan qoparılması təkcə ərazi itkisi deyil, həm də türk coğrafiyasının strateji olaraq ayrılması demək idi. Ermənistan əsrlər boyu Qarabağa dair iddialarından geri çəkilmədi və bu istiqamətdə dəfələrlə soyqırımı və qətliamlar həyata keçirdi. Xocalı faciəsi isə bu cinayətlər içində bəşəriyyətin yaddaşına qara bir iz kimi düşüb. Ermənistanın bu addımları öz iradəsi ilə atmadığı, onu regiona yerləşdirən qüvvələrin bölgəni parçalamaq üçün istifadə etdiyi faktı danılmazdır. Azərbaycan illər ərzində beynəlxalq aktorlardan tarixi ədalətin bərpasını tələb etsə də, Ermənistan təzyiqə məruz qalmadı. Əksinə, müxtəlif dövrlərdə Türkiyə-Ermənistan sərhədinin açılması cəhdləri və regional layihələr vasitəsilə Ermənistanın iqtisadi dirçəlişinə şərait yaratmaq istənildi. Azərbaycan isə açıq bəyan etdi ki, hər hansı layihə yalnız Ermənistan işğal siyasətindən əl çəkdikdən sonra mümkündür. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bu mövqe qorundu və reallığa çevrildi. Bir zamanlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayanması əlçatmaz görünürdüsə, bu gün artıq siyasi reallıqdır.
Hazırda Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı və təminatçısı kimi çıxış edir. Torpaqlarımıza qarşı illərlə törədilən dağıntılar – yeraltı və yerüstü sərvətlərin talanı, flora və faunanın məhv edilməsi, mədəni irsin dağıdılması – bütün bunlar Azərbaycan izlərinin silinməsi məqsədi daşıyırdı. Lakin Azərbaycan buna imkan vermədi. Bu gün BMT sənədləri azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququnu təsdiq edir və tələb edir. Azərbaycan bu istiqamətdə praktik addımlar atmaqda davam edir. Qazandığımız qələbə haqq savaşımızın nəticəsi idi və ölkəmiz bundan sonra da xarici siyasətində qarşıya qoyduğu yeni hədəflərə doğru qətiyyətlə irəliləyəcək. Cənab Prezident İlham Əliyevin bu müraciətində səsləndirilən tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın gücünün və qətiyyətinin göstəricisidir".
Aişə Mustafayeva
