Prezident İlham Əliyevin Münxen mesajları: "Sülh, sabitlik və qlobal əməkdaşlıq"
Hazırda dünya gündəminin əsas mövzularından biri Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında müzakirə edilən məsələlərdir. Çünki Münxen Təhlükəsizlik Konfransı dünyada mövcud problemlərin, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirə edildiyi mühüm beynəlxalq platformadır.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, çıxış Azərbaycanın yalnız qonşu ölkələr üçün regional lider olmadığını, eyni zamanda qlobal arenada fəal və etibarlı tərəfdaş kimi iştirak etdiyini göstərib:
"Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına verdiyi müsahibədə ölkənin xarici siyasət strategiyasını, regional və qlobal proseslərə yanaşmasını və post-münaqişə dövründə yaranmış yeni reallıqları ətraflı şəkildə təqdim edib. Çıxış Azərbaycanın yalnız qonşu ölkələr üçün regional lider olmadığını, eyni zamanda qlobal arenada fəal və etibarlı tərəfdaş kimi iştirak etdiyini göstərib. Dövlət başçısı, xüsusilə, Azərbaycanın post-münaqişə dövründə qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq və regionda davamlı stabitliyi təmin etmək istədiyini vurğulayıb. O, Ermənistanla sülh müqaviləsinin yalnız formal prosedur olmadığını, reallıqda sülhün artıq təmin edildiyini və gələcəkdə Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasının vacib olduğunu qeyd edib".
Politoloq bildirib ki, bu fikirlər həm daxili auditoriya, həm də beynəlxalq tərəfdaşlar üçün Azərbaycanın sülh və əməkdaşlıq prinsipinə sadiq olduğunu, o cümlədən regional sabitliyin qorunmasını prioritet hesab etdiyinə dair aydın mesaj olub:
"Prezident, həmçinin beynəlxalq hüququn mövcud vəziyyətinə toxunaraq yeni münasibətlər mexanizmlərinin işlənməsinin vacibliyini qeyd edib. Çıxış Azərbaycanın qlobal səviyyədə konstruktiv rəqib olduğunu göstərir və ölkənin yalnız regional deyil, həm də beynəlxalq geosiyasi proseslərdə strateji əhəmiyyətə malik olduğunu nümayiş etdirir. Müsahibədə enerji, nəqliyyat, informasiya texnologiyaları və süni intellekt sahələrindəki imkanlar xüsusi qeyd edilib. Azərbaycan həm Şərq, həm də Qərb ölkələri üçün strateji körpü rolu oynayır, eyni sırada qlobal iqtisadi, eləcə də siyasi proseslərdə fəal iştirak edir. Bu həm ölkənin müasir imkanlarını, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq potensialını ön plana çıxarır. Enerji və infrastruktur sahələri müsahibədə mühüm yer tutub. Prezident bildirib ki, Azərbaycanın enerji resursları və regional infrastruktur layihələri yalnız ölkənin iqtisadi inkişafına deyil, o cümlədən Avropanın enerji təhlükəsizliyinə və regiondakı davamlı sabitliyə töhvə verir".
Müsahib bildirib ki, nəqliyyat və kommunikasiya layihələri isə Azərbaycanın həm iqtisadi, həm də geosiyasi baxımdan mərkəzi aktora çevrilməsini təmin edir:
"Bu sahələrdəki strateji üstünlük beynəlxalq tərəfdaşlara Azərbaycanın regional layihələrdə əsas oyunçu olduğunu xatırladır və ölkənin geosiyasi mövqeyini daha da möhkəmləndirir. Daxili ictimaiyyət Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi nəaliyyətləri aydın görə bilir, bu isə milli həmrəyliyi gücləndirir, dövlət siyasətinə dəstək yaradır. Beynəlxalq tərəfdaşlar üçün isə müsahibə Azərbaycanın dialoqa açıq sülh və əməkdaşlıq tərəfdarı olduğunu nümayiş etdirir. Ümumi olaraq, Azərbaycan post-münaqişə dövründə aktiv diplomatiya yürüdür, regional stabilliyi və qlobal əməkdaşlığı əsas prioritet hesab edir, enerji və infrastruktur imkanlarını isə geosiyasi alət kimi məqsədyönlü istifadə edir. Prezidentin açıqlamaları həm ölkənin beynəlxalq mövqeyini möhkəmləndirir, həm də daxili ictimaiyyətə inam və dəstək verir. Azərbaycanı dünya üçün etibarlı və strateji tərəfdaş kimi təqdim edir".
Səmayə Səftərova
