Prezident Ərdoğan: “Qəzza soyqırımının dayandırılması istiqamətində mühüm addım atdıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Ümumi Qərargahında keçirilən İqtisadi İşlər İdarəsi Təhsil Proqramında çıxış edib. O, proqramın ölkəyə, millətə və iqtisadiyyata xeyirli olacağına ümid etdiyini bildirib.
Ərdoğan “Türkiyə Yüzyıl Toplantıları” çərçivəsində cəmiyyətin müxtəlif təbəqələri ilə məsləhətləşmələrin davam etdiyini vurğulayıb. “24 ildir millətin rəhbərliyi altında, onun iradəsi ilə hərəkət edən bir siyasi hərəkatıq. Millətə qarşı inadkarlıq yoxdur”, – deyə o qeyd edib.
Prezident partiya üzvlərinə müraciətlə bildirib ki, onlar xalqla iqtidar arasında möhkəm körpü rolunu oynayırlar: “Siz yerdə gözümüz, qulağımızsınız. Hər biriniz real sektorla partiyamız arasında bağ yaradırsınız”.
Qlobal iqtisadiyyatda baş verən çətinliklərdən danışan Ərdoğan, inflyasiya və istehsal problemlərinin hələ də bir çox ölkələrdə davam etdiyini söyləyib. O, Türkiyənin bu şəraitdə münaqişələrdən uzaq qalmağa və iqtisadi hədəflərinə çatmağa çalışdığını bildirib.
Qəzza məsələsinə də toxunan Ərdoğan, bölgədə soyqırımın dayandırılması istiqamətində vacib addım atdıqlarını vurğulayıb:
“Dünən Şarm əl-Şeyxdə ABŞ prezidenti Tramp, Misir prezidenti əs-Sisi və Qətər əmiri Şeyx Təmimlə imzaladığımız dördtərəfli bəyannamə regionda davamlı sülhə gedən yolda yeni mərhələ olacaq. Bu gün Qəzzada uşaqların üzü gülür, analar övladlarını bombalardan qorxmadan küçəyə çıxara bilir”.
Ərdoğan sonda qeyd edib ki, Qəzzada baş verən insan faciəsinin izlərini silmək mümkün olmasa da, Türkiyə sülh və sabitlik üçün mübarizəsini davam etdirəcək.
TRT Haber
Aişə Mustafayeva