Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İranda yüksək səviyyəli görüşlər keçirib
Tərəflər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, dövlət başçılarının görüşlərində əldə olunan razılaşmaların icrasını və dostluq əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Görüşlərdə regional təhlükəsizlik, enerji, nəqliyyat, infrastruktur, logistika və Xəzər dənizi üzrə əməkdaşlıq məsələləri də gündəmdə olub. Bundan əlavə, Azərbaycanın AQEM sədrliyi çərçivəsində görülən işlər nəzərdən keçirilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki,Azərbaycan-İran münasibətlərində yeni mərhələ o deməkdir ki, bizim ümumiyyətlə qonşu ölkə olaraq həm də strateji kommunikasiya yolları üzərində yerləşməyimiz iqtisadi əməkdaşlıqları zəruri edir:
"Burada bir dənə də unudulmayan detal var ki, İran tərəfi Körfəzə çıxır, digər tərəfi də Cənubi Qafqaza söykənir. İstər-istəməz bu istiqamətdəki bütün strateji yollara da coğrafi olaraq nəzarət İrandan keçir. Bu həm də o deməkdir ki, İranın beynəlxalq basqı və sanksiyalar şəraitində yaşaması ona alternativ yollar və lagistikalar axtarışına məcbur edir. Unutmaq lazım deyil ki, onun ən böyük iqtisadi tərəfdaşlarından biri əlbəttə ki, Rusiya Federasiyasıdır. Və İran-Rusiya arasındakı ən sərt xətt Şimal-cənub xəttidir. O da Azərbaycandan keçir. Yəni görüşdə sabitlik və regional təhlükəsizlik dəyişməyən faktorlardır. Azərbaycanla İran arasında dövrlər üzrə müxtəlif zamanlarda, müxtəlif qarşıdurmalar olub. Hərbi prizmada gərginliklər yaşanıb. Amma heç bir halda o üçüncü ölkələr bu proseslərə cəlb olunmayıb. Çünki, nə Azərbaycan öz ərazisində biganəlikdən istifadə etməyə şərait yaradıb, nə də İran başqa ölkələrə etdiyi kimi bəzi yanlışlıqları Azərbaycana qarşı edə bilib. Bunlar ümumilikdə bölgədə sabitlik və təhlükəsizlik faktorunu qorumağa məcbur edib. Bu da həm də onunla əlaqədardır ki, sabitlik və təhlükəsizlik çərcivəsində iki bir-birinə iqtisadi baxımdan möhtac olan dövlətin əlaqələrinin davam etdirilməsinin zərurəti ortaya çıxır. İranla əməkdaşlıq çərçivəsində təbii ki, birinci növbədə unutmaq olmaz ki, bu çərçivənin əsasını iqtisadi münasibətlər, mehriban qonşuluq və təhlükəsizlik sahəsindəki əməkdaşlıqlar təşkil edir".
Aişə Mustafayeva
