"Putin anlayır ki, Ukraynanı təslim etməyin ən yaxşı yolu budur"
Rusiya Prezidenti Vladimir Putin anlayır ki, hərbi eskalasiya Ukraynanı onun şərtləri ilə danışıqlara məcbur etməyin ən yaxşı yoludur. ABŞ Prezidenti Donald Tramp isə Kiyevin müdafiəsini gücləndirmək üçün çətin ki, bir ciddi iş görsün. Beləliklə, Putin Ukraynanın enerji və digər infrastrukturlarına hücumları davam etdirəcək.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a bildirib ki, Putinin hərbi eskalasiyanı seçməsi Ukraynanı danışıqlara məcbur etmək deyil, Ukraynanı işğal etməyə yönəlib:
"Bu gün Ukraynaya həddindən çox dəstək var. Rusiya sanki sıxışmış vəziyyətdədir. Amma yenə də eskalasiyanı, təzyiqləri davam etdirir. Çünki onun başqa yolu yoxdur. O, geri çəkilmək və uzlaşmaq məsələsinə də hazır deyil. Yalnız Ukrayna onun şərtlərini qəbul edərsə, o halda savaşın dayanmaq ehtimalı var. Rusiyanın indiki vəziyyətdə bir yolu var, o da irəli getməkdir. Tramp administrasiyası fəal olmasa da, Ukraynaya lazım olan silah-sursatı verir. Çünki burada Amerikanın da maraqları təmin olunur. Amerika öz silahlarını satır, pul qazanır, amma digər tərəfdən də Ukraynanın və Avropanın müttəfiqlərini də çox zəiflətməyə maraqlı deyil. Amma fəal mövqe qoysa, bu Qərb blokuna Rusiyanı daha tez bitirmək imkanı verər. Amerika hələlik bunu etmir. Bəlkə də bu qarşıdurmanın zamana yayılması baxımından seçilən taktiki gedişdir. Bu strategiya uzun müddətdə Rusiyaya iqtisadi gücünün zəifləməsini vəd edir. Hərbi-sənaye kompleksi genişlənir, amma iqtisadi gücü zəifləyəndən sonra bu, sənaye kompleksinə də bir formada yansıyacaq. Rusiya bəlkə də təbii resurslara söykənərək, neft və qaz satışından əldə etdiyi vəsaitdən gələn gəlirlər hesabına hələlik müharibəni davam etdirməyi düşünür və güman edir ki, Ukraynanın gücü tükənəcək və o, Rusiyanın şərtləri ilə razılaşacaq. Amma anlaşılan odur ki, zaman Rusiyanın da xeyrinə işləmir. Rusiyanın resursları zəifləyir, maliyyəsi azalır. Təbii ki, Qərbin Ukraynaya dəstəyi fonunda bu müəyyən riskləri vəd edir. Tədricən Rusiya indiki üstün mövqeyini itirə bilər. Odur ki, məncə Rusiya da çıxılmaz vəziyyətdədir".
Fatimə Heydərova