Putin böyük geosiyasi səhvi etdi və Avropa birləşdi
Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiyanın Ukraynaya hücumunun birbaşa nəticəsidir.
"İnformator.az" xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb yerli “Ykkösaamu” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Avropanı xarici siyasət sferasında, Rusiya lideri Vladimir Putin isə daha çox təhlükəsizlik siyasəti sferasında “oyadıb”.
“Ancaq NATO-nun müdafiə xərclərinə nəzər salsaq, Avropa Putinə görə ən pisinə hazırlaşır. Lakin, eyni zamanda, diplomatik dillə danışmaqla Tramp Avropaya müdafiə xərclərini artırmaq üçün kifayət qədər yaxşı təzyiq göstərdi”, - siyasətçi bildirib.
Stubbun fikrincə, Putin Ukraynada müharibəyə başlamaqla müasir tarixdə ən böyük geosiyasi səhvə yol verib.
“Putin qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmadı. Putin Avropanı birləşdirdi, Finlandiya və İsveçin hesabına NATO-nu genişləndirdi və faktiki olaraq, NATO-nun müdafiə xərclərini 2 faizdən 5 faizə qaldırdı”, - o vurğulayıb. Finlandiya Prezidenti hesab edir ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi təqdirdə, Rusiyanın böyük dövlət kimi qəbul olunmayacağından qorxur.
Stubb qeyd edib ki, Alyaskadakı görüş Avropa liderlərinin ümid etdiyi kimi keçməyib, lakin ondan sonra vəziyyəti təhlükəsizlik təminatlarının müzakirəsinə keçirmək mümkün olub.