00:00:00
Yazar
Admin User
16.05.2024 15:05 362 2 dəq oxuma
Dünya

Putin Çindədir: Rusiya lideri səfəri ilə hansı mesajı vermək istəyir?

Putin Çindədir: Rusiya lideri səfəri ilə hansı mesajı vermək istəyir?

Rusiya prezidenti Vladimir Putinin Çinə iki günlük səfəri başlayıb.

 

Bu, Putinin 5-ci prezidentliyinin ötən həftə rəsmi olaraq başlayan ilk rəsmi səfəridir. Bu mənada Putin 6 il davam edəcək yeni prezidentlik dövründə də prioritetlərinə işarə edir.

 

ABŞ-ın iki ən güclü geosiyasi rəqibinin görüşündə Kreml Pekinlə strateji tərəfdaşlığı dərinləşdirməyə ümid edir. Qərb də səfəri diqqətlə izləyir.

 

Çin lideri Xi Jinping səhər tezdən Pekinə gələn Putini qırmızı xalça ilə qarşılayıb və Rusiya liderini “köhnə dostu” adlandırıb. Putin isə yeni prezidentliyi dövründə ilk xarici səfərini Çinə etməsinin məntiqli olduğunu bildirib.

 

Putinin Ukraynaya minlərlə əsgər göndərməsindən bir neçə gün əvvəl, 2022-ci ilin fevralında Pekinə səfəri zamanı Çin və Rusiya “məhdudsuz əməkdaşlıq” niyyətlərini açıqladılar.

 

Ukraynada müharibə davam etdikcə, Qərbin sanksiyaları ilə üzləşən Moskva getdikcə Çindən asılı vəziyyətə düşüb. İki ölkə arasında ticarət sürətlənir.

 

Jinping bu gün bildirib ki, Pekin və Moskva müharibənin “siyasi həlli”nin olması ilə razılaşırlar. Bu, Putin və Jinping arasında son 15 ayda üçüncü görüşdür.

 

Jinping, üçüncü prezidentlik müddətinin başlamasından az sonra, 2023-cü ilin martında da Moskvaya səfər etdi. Putin 2023-cü ilin oktyabrında da Çinə səfər edib.

 

Putinin səfəri ilə əlaqədar Pekinin Çanqan küçəsində geniş təhlükəsizlik tədbirləri görülüb və Tiananmen meydanı Rusiya və Çin bayraqları ilə bəzədilib.

 

Rusiyanın Ukrayna müharibəsi və Çin dəstəyi

Səfərdən əvvəl Çinin rəsmi Sinxua xəbər agentliyinə verdiyi açıqlamada Putin Çin lideri Xi-yə “milli maraqlara və dərin qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın” qurulmasında göstərdiyi köməyə görə təşəkkür edib. Putin yeni prezidentliyinin ilk səfərini məhz buna görə Çinə etdiyini vurğulayıb.

 

Putin həmçinin Moskva-Pekin münasibətlərinin hazırkı səviyyəsini “görünməmiş strateji tərəfdaşlıq” kimi qiymətləndirib.

 

Ukraynada iki ildir davam edən müharibəyə görə Qərb dünyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qarşısında Çin Rusiyanın ən mühüm ticarət tərəfdaşlarından biridir.

 

Bununla belə, Rusiyaya hərbi texnologiya və texnikanın verildiyi iddiası ilə Pekinə beynəlxalq təzyiqlər də artır.

 

Çin isə Rusiyaya hərbi dəstək və ya silah vermədiyini iddia edir, lakin Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən imtina edir.

 

Rusiya-Çin ticarəti 2023-cü ildə 240 milyard dolları ötərək rekord qırıb.

 

Aynur Babayeva 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər