Putin ilə Moskvadan kənarda görüşə bilərəm
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır, lakin bu görüşün Moskvada keçirilməsini qəbul etmir. Onun sözlərinə görə, görüş istənilən başqa məkanda, heç bir ön şərt olmadan baş tuta bilər.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a bildirib ki, faktiki olaraq, cənab Trampın bəyanatından dərhal sonra Ukrayna Prezidenti cənab Zelenski də açıqlama verdi:
"Tramp bildirib ki, Ukrayna razılaşmaya getməli olacaq. Zelenski isə bəyanatında qeyd etdi ki, mən Putinlə görüşə bilərəm, amma Moskvada yox, başqa istənilən məkanda bu görüş baş tuta bilər. Yaxın günlərdə, oktyabr ayında Nobel Sülh Mükafatının təqdimat mərasimi keçiriləcək və namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Zelenski də yaxşı anlayır ki, belə bir məqamda Trampın – ABŞ-da prezidentliyə namizəd olan şəxsin – əleyhinə çıxmaq doğru olmaz. Buna görə də Putin tərəfindən Moskvaya dəvət alsa da, o, “Moskvadan başqa istənilən yerdə, heç bir şərt qoymadan görüşməyə hazıram” bəyanatını verib".
Ekspert həmçinin bunu da bildirib ki, hazırda bu görüşün nə ilə nəticələnəcəyi barədə dəqiq fikir söyləmək çətindir:
"Böyük ehtimalla, ilk görüş Türkiyədə baş tuta bilər. Bu halda əvvəlcə Rusiya və Ukrayna prezidentləri arasında, daha sonra isə Tramp, Zelenski, Putin və Ərdoğanın iştirakı ilə dördtərəfli görüş keçirilə bilər. Həm Rusiya, həm də Ukrayna anlayır ki, belə bir şəraitdə görüşmək faydalıdır. Qarşıda payız və qış mövsümü gəlir, hərbi əməliyyatların irəliləməsi həm Rusiya, həm də Ukrayna üçün çətin olacaq. Ona görə də belə bir görüşün keçirilməsi ehtimalları yüksəkdir. Avropa İttifaqına gəlincə, qurum Ukrayna prezidentinin güzəştə getməsini və ya zəif mövqedən çıxış etməsini istəmir. ABŞ daxilində də bu məsələyə dair fikir ayrılıqları var".
Güllər Gülhüseynova