00:00:00
Yazar
Admin User
12.12.2025 17:16 129 2 dəq oxuma
Siyasət

Putin-Maduro danışığına Ağ Evdən reaksiya

Putin-Maduro danışığına Ağ Evdən reaksiya

Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib ki, Rusiya və Venesuela prezidentləri arasında telefon danışığı çətin ki, ABŞ Prezidenti Donald Trampda hər hansı narahatlıq yaratsın.

 

Rusiya və Venesuela prezidentləri- Vladimir Putin və Nikolas Maduro arasında telefon danışığı baş tutub. Söhbət zamanı Putin Venesuela xalqı ilə həmrəyliyini ifadə edib və Maduronun hakimiyyət kursuna dəstəyini təsdiqləyib.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bu danışıq Rusiyanın dünyada ABŞ-dən daha güclü olduğunu nümayiş etdirmək istədiyini bildirir:

 

“Putinin Maduronu dəstəkləməsi, təbii ki, ilk növbədə qlobal məkana bir mesajdır. Dünya ölkələrinə mesajdır. Çünki Putin dünyada güclü təsirinin olduğunu, yəni Rusiyanın qlobal məkana təsir göstərə bildiyini nümayiş etdirməyə çalışır. Həm də seçilmiş zaman da qətiyyən təsadüfi deyil. Birincisi, Kremldə hazırlanmış Ukrayna üzrə sülh planı Trampın müəllifliyi ilə təqdim olunub. Yəni bu, Putinin ABŞ və Tramp üzərindəki bir siyasi-diplomatik uğurudur, hətta qələbəsidir. Hazırda Tramp bütün açıqlamalarında həm Rusiyanı, həm də Putini dəstəkləyir. Belə şəraitdə Putin bütün bunlara paralel olaraq Maduronu dəstəkləyib. Burada da, təbii ki, həm bütün dünyaya, həm də ABŞ-yə meydan oxuma cəhdi mövcuddur. Çünki prezident Tramp və Ağ Ev Administrasiyası Venesuelada hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamalar verirlər. Maduroya hətta istefa vermək üçün zaman verilməsi barədə də məlumatlar mövcud idi. Putinin də əsas məqsədi ondan ibarətdir ki, ABŞ-nin, daha açıq desək devirməyə hazırlaşdığı bir dövlət başçısını müdafiə etməklə güc nümayiş etdirməyə çalışır. Bütün dünyaya mesaj verir ki, həm ABŞ-ni Rusiyanın mövqeyinə yaxınlaşdırıb, həm də ABŞ-nin devirməyə çalışdığı bir dövlət başçısını müdafiə edir. Bu da o deməkdir ki, Rusiya hazırda qlobal məkanda ABŞ-dən daha güclü təsir imkanlarına malik olduğunu nümayiş etdirməyə çalışır. Yəni belə anlaşılır ki, Kreml ikibaşlı oyun oynayır və bu da ABŞ-də hələlik sükutla qarşılanır. Əgər Tramp planının reallaşması baş tutmasa və ABŞ-Rusiya münasibətləri gərginləşsə, yəqin ki, Ağ Evdə Putinin indiki Venesuelaya yönəliş manevri də diqqətə alınacaq. Bu baxımdan hesab etmək olar ki, Putinin son addımı, Venesuelaya dəstəyi prezident Trampın həm dünyada, həm də Amerikadakı nüfuzuna ağır zərbə sayıla bilər”.

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər