Putin nüvə sınağı ilə bağlı əmr verməyib
Rusiya Prezidenti Vladimir Putin nüvə sınaqlarına hazırlıqlara başlamaq əmri verməyib.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, nüvə silahının sınaqlarına göstəriş vermək liderlərin rəqiblərə təsir vasitəsidir:
“Bir qədər əvvəl ABŞ-nin Prezidenti Donald Trampın da Çin lideri ilə görüşdən bir az əvvəl buna göstəriş verdiyinin şahidi olduq. Hazırda da Rusiya lideri nüvə silahını davamlı şəkildə xatırlatmaqla rəqiblərinə psixoloji, siyasi təziq göstərmək istəyir. Vladimir Putinin nüvə sınaqlarına göstəriş verməməsini Kremlin bəyan etməsi Qərbə mesajdır. Sadəcə xatırladıb sonra əl saxlamaq. Rusiyanın nüvə strategiyasında bir dəyişiklik ediləcəyi inandırıcı deyil, amma bunun mövcud durumda problemin həll yolunda istiqamət müəyyən edəcəyi də uzaq görünür. Qərb ilə Rusiya arasındakı çəkişmə davam edəcək və nüvə silahından istifadə hələ ki, real deyil. Bu sadəcə təhdid üçün, siyasi üstünlük əldə etmək naminə istifadə olunur. Nüvə sınaqlarının başlanmasına əmri təkzib etmək Qərbi ram etmək naminə edilən siyasi manevrdir. Ancaq Qərb də bu cür cəhdlər qarşısında geri çəkilən deyil. Ukrayna - Rusiya müharibəsi əslində Qərbin müharibəsidir. Avropa və ABŞ-nin bu müharibədə Ukraynanı qurban verməməsi yalnız o zaman baş verə bilər ki, NATO-nun müdaxiləsi yaxud kualisiya qüvvələrinin prosesə daxil olması. Əks halda müharibənin bu formada gedişi problemi daha da dərinləşdirir və uzadır. Əgər gözlənti Rusiyanın içindən, xüsusən iqtisadi yöndən çökməsini gözləməkdirsə, bu zaman zərfində həm də Ukrayna tamamilə çökə bilər. Odur ki, ya mövcud vəziyyətə qane olub danışıqlar başlaması, atəşkəs əldə olunmalı ya da nüvə müharibəsinə şərait yaratmadan digər siyasi üsullarla nəticə əldə olunmalıdır”.
Səadət Əlizadə
