Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Putinin Rusiyanın Ukraynada qarşıya qoyduğu məqsədlərə çatacağını bəyan etməsi ilk növbədə Moskvanın mövqeyində ciddi dəyişiklik olmadığını göstərir:
“Bu açıqlama Rusiya rəhbərliyinin müharibəni mövcud şərtlərlə dayandırmağa deyil, hərbi və siyasi təzyiq vasitəsilə daha əlverişli nəticə əldə etməyə çalışdığını nümayiş etdirir. Eyni zamanda, bəyanat daxili auditoriyaya ünvanlanmış siyasi mesajdır: Kreml müharibənin
davam etdirilməsi üçün ictimai dəstəyin mövcud olduğunu göstərməyə və prosesin nəzarətdən çıxmadığı təsəvvürünü yaratmağa çalışır. Bu mövqe yaxın perspektivdə sülh danışıqlarının sürətlənməsindən daha çox, döyüşlərin davam etməsi ehtimalını artırır. Çünki tərəflərdən biri maksimum məqsədlərindən geri çəkilmədiyini açıqladıqda, kompromis imkanları daralır və qarşı tərəf də hərbi müqaviməti gücləndirməyə çalışır. Putinin sözləri Ukraynanın Qərbdən əlavə silah və siyasi təminatlar tələb etməsinə, Avropa dövlətlərinin isə Rusiyaya təzyiqi artırmasına səbəb ola bilər. Bununla belə, bu cür sərt bəyanatlar bəzən gələcək danışıqlarda daha güclü mövqedən çıxış etmək üçün istifadə olunan siyasi taktikanın da tərkib hissəsi olur”.
Nurgün Qənizadə