Putin sənədi qəbul edə bilər, bəs sülh mümkün olacaqmı?
Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskinin təqdim etdiyi sülh sənədini formal olaraq qəbul etsə belə, onun əsas müddəalarını sonradan öz maraqlarına uyğun şəkildə dəyişə və ya çıxara bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, bu, sülhə doğru atılan bir çərçivə sazişidir:
"Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, 25 dekabr tarixi tərəflərin bir-birinə xeyli yaxınlaşdığı gün kimi qeyd oluna bilər. 24 dekabrda Rusiya təqdim olunan sənədlərə baxaraq öz mövqeyini ABŞ-yə çatdırdı. Proseslərin gedişi göstərir ki, Rusiya öz mövqeyini açıq şəkildə ifadə edib və Alyans qərarlarına dair müəyyən razılaşmalar əsas götürülür.
Məhz bundan sonra Donald Tramp Vladimir Zelenski ilə 28 dekabrda görüşməyə razılıq verdi. O, eyni zamanda yaxın vaxtlarda Vladimir Putinlə də danışacağını və Zelenski ilə görüşdən əvvəl Avropa liderləri ilə təmas quracağını bildirib.
Bu sənədi tam sülh sənədi adlandırmıram. Bu, sülhə doğru atılan bir çərçivə sazişidir. Sülh prosesi uzun və mərhələli prosesdir, qısa müddətdə tərəflər arasında tam sülhün əldə olunması real görünmür. Burada məqsəd müharibənin dayandırılmasıdır. Söhbət münaqişənin dondurulmasından getmir. İki tərəf razılıq əldə edib imza atmalıdır ki, gələcəkdə yeni münaqişə yaranmasın və tam sülh sazişinin bağlanması üçün möhkəm baza formalaşsın. Bu baxımdan tərəflər kompromisə gedərək sazişi imzalamalıdır. Hazırda əsas üç mübahisəli məsələ var. Birincisi Donbas bölgəsi və Ukraynanın bu ərazi ilə bağlı mövqeyidir. İkincisi Zaporijya Atom Elektrik Stansiyası məsələsidir. Üçüncü və ən vacib məsələ isə Ukraynanın təhlükəsizliyinə kimin təminat verməsidir. Bu təminatı Avropanın yox, ilk növbədə ABŞ-nin verməsi əsas şərt kimi irəli sürülür. Görünür, bu məsələlər ətrafında ümumi yanaşma formalaşır. Zelenski ilə Trampın qarşılıqlı görüşə razılıq verməsi də bunu göstərir. Ukraynanın NATO-ya üzv olmaması Rusiyanın əsas və dəyişməz şərtidir. Rusiya dəfələrlə müharibənin əsas səbəbinin məhz bu məsələ olduğunu bildirib və Ukraynanın NATO-ya daxil olmasını qəbuledilməz sayır.
Əgər ABŞ və Avropa Ukraynanın təhlükəsizliyinə real təminat verilməsi mövzusunda razılıq əldə etsə, bu həm ABŞ-Ukrayna, həm ABŞ-Rusiya, həm də üçtərəfli formatda mühüm rol oynaya bilər. Məncə, ən ağır və mübahisəli məsələ də məhz təhlükəsizlik təminatlarıdır. Bu sahədə razılıq əldə olunarsa, Ukraynanın gələcək təhlükəsizliyi üçün real mexanizm formalaşa və yeni risklərin qarşısı alına bilər".
Qəmər Kazımzadə
