Putin Tacikistana dövlət səfərinə gedir
Rusiya Prezidenti Vladimir Putin bu axşam Tacikistana dövlət səfərinə yola düşür.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Tacikisitan elə bir böyük regional təsir gücünə malik olan dövlət deyil ancaq Orta Asiyada yerləşən dövlət kimi Rusiya üçün müəyyən strateji əhəmiyyətə malikdir:
“Orta Asiya uğrunda son vaxtlar mübarizə ən yüksək həddə çatıb. Rusiya Orta Asiyada öz mövqelərini qorumağa çalışır. Orta Asiyanın türk dövlətləri qərbə istiqamət almağa başladıqlarına görə Rusiya bu regionda tutuna biləcəyi hansısa bir ünvan axtarışındadır. Belə bir ünvan olaraq da Tacikistan Rusiya üçün sərfəli görünür. Böyük ehtimalla Rusiya prezidenti Tacikistanı Rusiyanın təsir dairəsində saxlanması üçün müəyyən manevr etmək məcburiyyətində qalacaq. Tacikistan Rusiyanın təsir dairəsində olarsa, Rusiya üçün Orta Asiyada qalmaq perspektivləri daha ümidverici xarakter daşıya bilər. Bu baxımdan hesab etmək olar ki, Putinin Tacikistan səfərində bütövlükdə Orta Asiya ilə bağlı situasiyanın yenidən gözdən keçirilməsi ilə yanaşı, Tacikistanın da Rusiyanın təsir dairəsində qalmasını təmin etmək məqsədi daşıya biləcək bir səfər kimi görünür”.
Səadət Əlizadə