00:00:00
Yazar
Ayan Sadi
21.10.2026 22:07 13 2 dəq oxuma
Dünya

Putin, Tramp və Zelenski arasında sülh ehtimalı zəifdir

Putin, Tramp və Zelenski arasında sülh ehtimalı zəifdir

Rusiya, ABŞ və Ukrayna arasında sülh danışıqlarının əsas məsələləri ilə bağlı fikir ayrılıqları davam edir. Putin, Tramp və Zelenski arasında görüşün sülhlə nəticələnməsi real görünmür.

 

 Siyasi ekspert Natiq Miri "İnformator.az"a açıqlamasında deyir ki, tərəflərin ərazi məsələləri, təhlükəsizlik təminatları və Ukrayna ordusunun gələcək statusu ilə bağlı mövqelərinin üst-üstə düşməməsi mümkün üçtərəfli görüşün konkret nəticə verməsini çətinləşdirir.

 

“Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında mümkün üçtərəfli görüşün müharibənin başa çatmasına gətirib çıxaracağı ehtimalı aşağıdır. Bunun əsas səbəbi tərəflərin ərazi məsələləri, təhlükəsizlik təminatları və hərbi qüvvələrin sayı ilə bağlı ziddiyyətli mövqeləridir.

 

Rusiyanın əsas tələblərindən biri Donbasın bütövlükdə, o cümlədən Ukraynanın nəzarətində qalan ərazilərin Rusiyaya verilməsidir. Moskva həmçinin Krımın Rusiya ərazisi kimi tanınmasını, Ukraynanın NATO-ya üzvlük planlarından imtina etməsini və ordusunun sayının məhdudlaşdırılmasını istəyir.

 

Ukrayna tərəfi isə ərazi güzəştlərinə qarşı çıxır və müharibədən sonra təhlükəsizliyinin təmin olunmasını tələb edir. Kiyev güclü ordunun saxlanılmasını, ABŞ və Avropa ölkələrindən təhlükəsizlik zəmanətlərinin verilməsini, eləcə də dağıdılmış şəhərlərin və iqtisadiyyatın bərpasına dəstək göstərilməsini vacib hesab edir”.

 

Natiq Mirinin sözlərinə görə, tərəflər arasında fikir ayrılığı yaradan məsələlərdən biri də sülh sazişindən sonra Ukraynada xarici sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Rusiya NATO ölkələrinin hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsinə qarşı çıxır. Bu məsələdə razılığın əldə olunmaması danışıqlar prosesini çətinləşdirən amillərdəndir.

 

Siyasi şərhçi hesab edir ki, ABŞ, Ukrayna və Avropa İttifaqının iştirakı ilə sülh sənədinin hazırlanması istiqamətində aparılan müzakirələr Rusiyanın mövqeyində dəyişiklik olmadığı təqdirdə uzana bilər.

 

Ekspert müharibənin gedişinə təsir göstərən digər amillərə də diqqət çəkir. Deyir ki, Ukraynanın enerji sisteminə və mülki infrastrukturuna hücumların davam etməsi, eləcə də Rusiyaya neft və dizel satışı ilə bağlı məhdudiyyətlərin yumşaldılması hərbi əməliyyatların gedişinə təsir edə bilər.

 

“Rusiyanın maliyyə imkanlarının genişlənməsi hərbi əməliyyatları davam etdirməsinə şərait yarada bilər”.

 

Natiq Mirinin fikrincə, tərəflərin əsas məsələlər üzrə ortaq mövqeyə gəlməməsi Putin, Tramp və Zelenski arasında mümkün görüşün sülh sazişi ilə nəticələnməsi perspektivini sual altında qoyur.

 

Ayan Məmmədzadə

#putin # #arasında #gündəm #ehtimalı #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər