Putin Trampa Uittkoff vasitəsilə siyasi siqnallar göndərib
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kreml görüşündə müzakirə olunan sülh planlarının detalları və ABŞ Prezidenti Donald Trampa göndərilən siyasi siqnallar barədə açıqlama verib.
Mövzu ilə əlaqədar “İnformator.az” açıqlamasında politoloq Tural İrfan bildirib ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa siyasi siyasi siqnallar göndərməsi onun Ukrayna ilə bağlı mövqeyinin əvvəlcədən istiqamətinin seçilməsi üçündür:
“Həlledici qərarda mövqeyinin nəzərə alınmasını istəyən Putin bununla bir növ öz şərtlərinin nədən ibarət olduğunun mesajını verib. Putin - Tramp münasibətlərinin bu cür aktiv fəzada davam etməsi hər halda müharibənin dayandırılması istiqamətində görülən işlərə təkandır. Lakin hər iki liderin siyasi xarakterinin durumu hər hansı müsbət nəticə haqqında proqnoz verməyi çətinləşdirir. Çünki həm vəziyyət ziqzaqlı və gedişatı qeyri-müəyyəndir. Həm də açıq qalan məsələlər çoxdur. Regionda güc balansının dəyişməsi də dayanıqlı deyil. ABŞ-nin Rusiyaya qarşı yumşaq mövqeyi, Ukraynaya yardımı dayandırması güc balansını qoruya bilər. ABŞ- Rusiya münasibətlərində yeni istiqamətin açılması təbiidir. Lakin bu Ukrayna məsələsinin həllindən daha çox ABŞ-nin biznes maraqları ilə bağlıdır. Ona görə tezliklə Ukrayna məsələsinin həll edilib maraqların təminatı üçün işlərə start vermək nəzərdə tutulur. Avropanın təsirsiz dəstəyi Ukraynanı daha ağır duruma məruz qoyur. ABŞ-nin isə Avropa ilə bağlı fərqli mövqedə olması Ukraynanın Rusiya üzərində üstünlük əldə etməsini əngəlləyir. Ona görə də ABŞ yalnız öz maddi maraqları müqabilində Rusiya ilə münasibətlərin normal olmasında maraqlıdır. Xüsusən də Trampın dönəmdə Venesuela və Kolumbiyaya qarşı sərt, hücum xarakterli mövqeyi eyni anda Rusiya ilə də gərginliyi qorumağa imkan vermir”.
Səadət Əlizadə
