Putin Trampa zəng edib- ŞƏRH
Rusiya Prezidenti Vadimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışığı son dövrlərdə gərgin xarakter daşıyan Rusiya-ABŞ münasibətləri fonunda diqqətlə izlənilir:
“Bu təmas iki ölkə arasında tam normallaşmanın başlanğıcı kimi qiymətləndirilməsə də, dialoq kanallarının açıq saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Ukrayna müharibəsi, strateji silahlara nəzarət, enerji təhlükəsizliyi və Yaxın Şərqdəki proseslər kimi qlobal məsələlər tərəfləri müəyyən məqamlarda təmas qurmağa məcbur edir. Ona görə də bu danışıq münasibətlərin yumşalmasına deyil, daha çox qarşılıqlı risklərin idarə olunmasına xidmət edən addım kimi görünür. Telefon danışığının beynəlxalq münasibətlərə təsiri isə müzakirə olunan məsələlərin məzmunundan asılı olacaq. Əgər tərəflər Ukrayna böhranı, regional təhlükəsizlik və nüvə risklərinin azaldılması istiqamətində müəyyən anlaşma əldə edə bilsələr, bu, qlobal gərginliyin azalmasına və bazarlarda müsbət gözləntilərin formalaşmasına səbəb ola bilər. Bununla yanaşı, Vaşinqton və Moskva arasında istənilən yüksək səviyyəli təması Avropa, Çin və Yaxın Şərq ölkələri də diqqətlə izləyir, çünki bu dialoq beynəlxalq güc balansına birbaşa təsir göstərən amillərdən biridir. Hazırkı mərhələdə isə söhbətin ən mühüm nəticəsi tərəflərin bir-biri ilə danışmağa davam etməsi və mümkün qarşıdurma risklərini nəzarətdə saxlamaq niyyətini nümayiş etdirməsidir”.
Nurgün Qənizadə