Putin və Paşinyan arasında gərgin müzakirə: Qarabağ və regional sülh gündəmi
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Paşinyanın son mövqeləri Ermənistan daxilində və beynəlxalq arenada yeni reallıqların qəbul edildiyini göstərir:
" Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında diqqət çəkən və kifayət qədər gərgin keçən görüş baş tutub. Görüş zamanı tərəflər əsasən Ermənistanın daxili siyasi vəziyyəti, regional təhlükəsizlik və Qarabağ məsələsi ətrafında müzakirə aparıblar. Müzakirələrdə Vladimir Putin Ermənistan daxilində keçiriləcək seçkilərə toxunaraq, Rusiya meyilli ermənilərin proseslərdə iştirakının vacibliyini vurğulayıb. O, həmçinin İrəvanda mövcud siyasi vəziyyətlə bağlı narahatlığını ifadə edib. Paşinyan isə çıxışında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) mövqeyinə toxunaraq, 44 günlük müharibə zamanı təşkilatın gözlənilən dəstəyi vermədiyini qeyd edib. Bu səbəbdən Ermənistanın KTMT daxilindəki fəaliyyətinin sual altında olduğunu bildirib. Görüşdə Qarabağ məsələsi də əsas müzakirə mövzularından biri olub. Vladimir Putin xatırladıb ki, Ermənistan 2022-ci ildə Praqa görüşündə Qarabağın Azərbaycanın ərazi bütövlüyü daxilində olduğunu qəbul edib. Paşinyan isə daha əvvəl Rusiyanın da bu mövqeyi açıq şəkildə ifadə etdiyini vurğulayıb".
Müsahib vurğulayıb ki, Ermənistan Baş naziri çıxışında Qarabağ münaqişəsinin artıq başa çatdığını və bu istiqamətdə fəaliyyətlərin dayandırılmasının vacibliyini qeyd edib:
" O həmçinin Azərbaycanla sülh prosesinin irəlilədiyini və bunun regional sabitliyə töhfə verdiyini bildirib. Paşinyanın son mövqeləri Ermənistan daxilində və beynəlxalq arenada yeni reallıqların qəbul edildiyini göstərir. Qarabağ məsələsinin artıq hüquqi və siyasi baxımdan bağlandığı, Ermənistanın isə Azərbaycanla sülh gündəliyinə uyğun addımlar atdığı bildirilir. Bəzi dəyişikliklər, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması və Ermənistan Konstitusiyasında dəyişikliklərin gündəmə gəlməsi də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir. Ümumilikdə, görüş regionda sülh prosesinin davam etdirilməsi baxımından mühüm mesajlar ilə yadda qalıb. Ümumilikdə hazırkı reallıqlar Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Bu münasibət Azərbaycanın öz gücü, iradəsi hesabına formalaşdırdığı reallıqdır".
Səmayə Səftərova