Putin ya cəsarətlənib, ya da...
Son günlər Putin özünün əsl simasını göstərdi. İşğalın başlanğıcından bəri ən böyük hücumları həyata keçirdi, nəticədə daha çox günahsız insan həlak oldu. Və NATO-nun hava məkanının görünməmiş şəkildə pozulması baş verdi.
Bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer jurnalistlərlə söhbəti zamanı bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a bildirib ki, Ukrayna müharibəsinin Rusiyanın üstünlüyü ilə davam etməsinin ümumiyyətlə Avropa üçün ağır nəticələri gözləniləndir:
"Hətta NATO-nun hava məkanının pozulması gərginliyin ciddi formada artdığını göstərir. Balansın Ukraynanın zərərinə pozulduğu situasiyada danışıqlar və sülh təklifinin yalnız birtərəfli ola biləcəyi məlumdur. Ona görə də bu baş tutmur. Əksinə, müharibə daha da geniş miqyasda davam edir. Rusiyaya qarşı təsir göstərmək məsələsində ABŞ və Avropa İttifaqının rəy ayrılığı var. Bu ixtilaf imkan vermir ki, birlikdə mövqe ortaya qoysunlar. Avropanın Ukraynaya silah verməsi müharibənin taleyini dəyişmir, Rusiyanı geri çəkilməyə məcbur etmir. Qərb bu savaşda çox aciz görünür. ABŞ-nin özü də çarəsiz kimi davranır. Gah Rusiya liderini danışıqlara çağırırlar, gah sözdə təhdid edirlər. Amma təsirli nəticənin olmadığı açıqdır. Bunun müqabilində də Rusiya daha da irəliləyir. Böyük Britaniyanın Baş nazirinin Vladimir Putin əleyhinə istifadə etdiyi ifadələr təbii ki, Avropanın mövqeyinin sərtləşməsi anlamında şərh oluna bilər. Ancaq yenə də nəticə ortaya qoyulmalıdır. Sanksiyalar, yaxud hərbi addımlar barədə vahid qərar yoxdur. Mümkündür ki, NATO-nun Baş katibi ilə Avropa İttifaqı Rusiyaya hansı yolla təzyiq göstərmək məsələsini müzakirə edərək yekdil nəticəyə gəlsinlər. ABŞ-nin isə mövqeyi yalnız özünü qabağa verməməklə yekunlaşır. Avropa ölkələrinin Rusiyaya sanksiyalar tətbiq etmək çağırışına ABŞ da onlara Çinlə əlaqələri məhdudlaşdırmaq şərti ilə cavab verib. Görünür, burada Ukraynanın aqibətindən daha çox ABŞ-nin öz maraqları öndədir. Hazırda Avropa İttifaqı və ABŞ-nin Rusiyaya qarşı təsirli addımlarının olmadığı dövrdə Ukrayna cəbhəsində Rusiyanın irəliləyişi müşahidə olunacaq. Rusiya hücumlar edir, torpaqları tutur və bunu davamlı inkişaf etdirir. Qərb isə hələ müzakirə edir, bəyanat verir, düşünür".
Fatimə Heydərova