Putindən hədələyici sözlər
Rusiya prezidenti Vladimir Putin, "Qara dənizdə tankerlərə edilən hücumlara cavab olaraq, Rusiya Ukrayna limanlarına və onlara daxil olan gəmilərə hücumlarını genişləndirəcək",-deyib. Bu arada Avropanı müharibə ilə hədələyən Rusiya lideri “hazır” olduqlarını bəyan edib.
Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşdən əvvəl Moskvada jurnalistlərə açıqlama verib.
Ukraynanın Qara dənizdə tankerlərə hücumlarını tənqid edən Putin, “Tankerlərə edilən hücumlar beynəlxalq sularda deyil, başqa bir dövlətin, üçüncü bir dövlətin müstəsna iqtisadi zonasında həyata keçirildikdə piratçılığa çevrilir”,-deyib.
Putin Rusiyanın hücumlara cavab verəcəyini vurğulayaraq, "Rusiya tankerlərə edilən hücumlara cavab olaraq Ukrayna limanlarına və bu limanlara daxil olan gəmilərə hücumlarını genişləndirəcək. Hücumlar davam edərsə, Ukraynaya bu pirat əməliyyatlarının həyata keçirilməsində yardım edən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərinin mümkünlüyünü nəzərdən keçirəcəyik",- deyib.
Vladimir Putin, Ukrayna rəhbərliyinin və "arxasında dayananların" hücumları yenidən nəzərdən keçirməsi lazım olduğunu bildirərək, "Ən radikal üsul Ukraynanın dəniz əlaqəsini kəsmək olardı, ona görə də o, piratlıqla məşğul ola bilməz. Lakin bu, prosesi daha da gərginləşdirən bir addım olardı",-deyib.
“Avropa özünü Ukrayna ilə danışıqlardan kənarlaşdırıb"
Putin Avropanın özünü Ukrayna ilə danışıqlardan kənarda saxladığını bəyan edib, həmçinin hər kəsə xatırladıb ki, Avropa öz təşəbbüsü ilə Rusiya ilə əlaqəni kəsib. O qeyd edib ki, Avropa Rusiyanı strateji məğlubiyyətə uğratmaq ideyasını qəbul edib və görünür, bu illüziyalarla yaşamağa davam edir, lakin əlavə edib ki, onlar belə bir şeyin rasional olaraq qeyri-mümkün olduğunu başa düşürlər.
Avropanın Trampın təkliflərinə dəyişiklik etməkdə məqsədi sülhə mane olmaqdır.
Putin həmçinin qeyd edib ki, Avropa da ABŞ prezidenti Donald Trampın sülh prosesinə mane olmağa çalışır və Avropanın “sülh gündəmi” olmadığını və müharibənin tərəfdarı olduğunu bildirib.
Putin, “Trampın təkliflərində bəzi dəyişikliklər etməyə çalışsalar belə, biz açıq şəkildə görürük ki, bütün bu dəyişikliklər bir məqsədə yönəlib: bütün sülh prosesinə mane olmaq və Rusiya üçün qətiyyən qəbuledilməz olan tələblər irəli sürmək”.
Aydan Əsgərxanlı