Putini inandırmak mümkün deyil
Rusiya lideri Vladimir Putinlə danışıqlar heç bir nəticə verməyəcək, onu dialoqla inandırmaqla deyil, yalnız güclə inandırmaq olar.
Bunu Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko bildirib. Onun sözlərinə görə, məhvetmə müharibəsi aparan dövlətlə dialoqun praktiki əhəmiyyəti yoxdur. Ekspert əlavə edib ki, Zelenski və Putinin bir masa arxasında əyləşməsi belə vəziyyəti dəyişməyəcək, çünki Putini aqressiyasını dayandırmağa razı salmaq mümkün deyil.
Mövzu ilə bağlı “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev açıqlama edib:
“Mən hesab etmirəm ki, bu gün Qərb dövlətləri Rusiyaya qarşı tətbiq etdikləri təzyiqlərlə müharibəni dayandıra bilərlər. ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələri Rusiyaya qarşı bütün mümkün sanksiyaları işə salıblar. Artıq on minlərlə sanksiya qüvvədədir və bu, dövlətlər tarixində analoqu olmayan bir vəziyyətdir. Lakin bu təzyiqlərin heç biri Putinin qərarlarını dəyişməyə kifayət etməyib. Qərb dialoqa çağırsa da, bu çağırışların Ukraynanın mövqeyinə ciddi təsir etdiyini demək olmaz. ABŞ müəyyən şərtlərlə danışıqlara hazır olduğunu bildirir, Avropa dövlətləri isə Rusiyanın razılığını əsas şərt kimi görür. Ukrayna isə yalnız Rusiyanın yaratdığı ilkin şərtlər aradan qalxdıqdan sonra danışıqlara gedə biləcəyini deyir.
Rusiya öz növbəsində danışıqlar üçün konkret tələblər irəli sürür: Ukraynanın NATO-ya üzv olmaması, rus dilinin sıxışdırılmaması və işğal olunmuş 4 regionun Rusiya ərazisi kimi tanınması. Ukraynanın bunlara razılıq verməsi isə mümkün deyil. Buna görə tərəflərin mövqeləri dəyişmir və müharibə getdikcə daha da dərinləşir. Əgər Rusiya Donetski tam ələ keçirə bilsə və hazırda Kupyansk, Krasnarmeysk istiqamətlərində də irəliləyiş əldə etsə, bu, həm Ukraynanın, həm də Qərbin mövqeyinə müəyyən təsir göstərə bilər. Bu halda danışıqlara qayıtmaq haqqında daha çox fikirlər yarana bilər”.
Ş. Ağayev qeyd edib ki, sanksiyaların əsas məqsədlərindən biri Rusiyada daxili narazılıq yaratmaq olub:
“Lakin dörd il ərzində nə genişmiqyaslı etirazlar olub, nə də hakimiyyət daxilində ciddi parçalanma müşahidə edilib. Rusiyada hələlik Putinin qərarlarına daxildən təsir edəcək real bir amil görünmür və yaxın perspektivdə də bunun dəyişəcəyi ehtimal olunmur. Sanksiyalar və təzyiqlər Rusiyanın siyasətinə təsir etmir, tərəflər mövqelərindən geri çəkilmir və müharibə davam etdikcə proses daha da mürəkkəbləşir”.
Ləman Mahmudlu
