Putinin Avropa ilə döyüşə hazır olması...
NATO hesab edir ki, Putin Avropa ilə döyüşməyə hazır olması barədə danışarkən blef edir. Bunu “Yevropeyskaya pravda”ya açıqlamasında NATO rəsmilərindən biri deyib.
“Putin müharibəyə hazır olduğunu deyə bilər. Amma Putin nəsə deyəndə, çox vaxt yalan çıxır. NATO Rusiyanın hərbi imkanlarını ayıq başla qiymətləndirir və onları kifayət qədər yüksək hesab edir, lakin bu, blokun Putinin bu cür açıqlamalarına münasibətini dəyişmir. O, hazır deyil. Əlbəttə ki, bu, Rusiyanın Avropanın siyasi arxitekturasını dəyişdirmək istəyinin olmadığı anlamına gəlmir. Səbəb odur ki, o, NATO-nun özünü müdafiə edəcəyini bilir və üstəlik, döyüşmək qabiliyyəti olsa belə, qalib gələ bilməyəcək”, - NATO rəsmisi bildirib.
Mövzu ilə bağlı Ağ Partiya başqanının müavini, beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlama edib:
“Demək ki, Putinin bu açıqlaması kifayət qədər ciddi qəbul olunmalıdır. Rusiya rəhbəri əvvəlcə bildirir ki, Rusiya NATO ilə müharibə etmək fikrində deyil. Eyni zamanda çıxışında qeyd edir ki, “biz müharibəyə hazırıq”. Əslində burada psixoloji olaraq NATO-ya “biz də varıq, biz sizdən çəkinmirik” kimi mesajlar verir. Təbii ki, NATO tərəfindən gələn açıqlama da təsadüfi deyil. Onlar da müəyyən dərəcədə nəyəsə arxayın olub bu cür bəyanatlar verirlər. Ən əsası bilirsiniz ki, NATO-nun əsas aparıcı ölkəsi ABŞ-dir. Yəni nüvə silahına sahib, dünyanın əsas super gücü olan ABŞ. Təbii ki, NATO rəsmiləri də buna arxayın olaraq mövqelərini səsləndirirlər. İstənilən halda Putinin hazırkı bəyanatı belə deməkdir ki, “biz indiyə qədər dünya ilə savaşdıq, NATO ilə Ukrayna üzərindən savaşdıq və sonda NATO üzərində də qalıb gəldik, ümumilikdə kollektiv Qərb üzərində üstünlük əldə etdik”.
C.Abbaslı qeyd edib ki, “NATO-nun Rusiyanın qalib gələ bilməyəcəyini nəyə görə düşündüyü” məsələsinə gəlincə, qeyd etdiyim kimi, NATO-nun əsas dayağı ABŞ-dir və ABŞ nüvə silahına sahibdir:
“Eləcə də NATO-nun digər ölkələri kifayət qədər güclüdür. NATO-nun ikinci böyük gücü isə qardaş Türkiyədir. NATO-nun nizamnaməsinə görə bir üzv ölkəyə hücum digər bütün üzvlərə hücum hesab olunur və digərləri də istər-istəməz savaşa qoşulurlar. Bu isə o deməkdir ki, Rusiya 55 Avropa ölkəsi ilə üz-üzə qala bilər. Bu, kifayət qədər ciddi təhlükələr yarada bilər. Amma istənilən halda hesab edirəm ki, tarixə qayıtsaq, Hitler də zamanında bu cür açıqlamalar verib, bütün dünyanı qarşısına almışdı. Bu gün Putin də oxşar yolu gedir. Düşünürəm ki, burada daha çox Ukrayna üzərində qazanılan qələbə mühüm rol oynayır. Rusiyanın Avropaya qarşı hərbi iddialarının reallığa nə dərəcədə uyğun olduğuna gəlincə, kifayət qədər uyğundur. Çünki NATO rəsmiləri Rusiyanın gücünü hesablayır və yüksək dəyərləndirir. Bu isə o deməkdir ki, NATO da Rusiyanın gücünü, nüvə başlıqlı raket arsenalını nəzərə alır və Rusiya ilə NATO arasında müharibənin asan keçməyəcəyini yaxşı anlayır. İstənilən halda dünya böyük bir təhlükənin astanasındadır”.
Müsahibimiz son olaraq açıqlamasında bildirib:
“Rusiyanın paytaxtında keçirilən görüşdə nəticənin əldə olunmaması, Türkiyə–Putin görüşünün yaxın zaman üçün planlaşdırılmadığı barədə açıqlamalar göstərir ki, Ukrayna savaşı hələ bir müddət davam edəcək. Ukrayna savaşı bitməmiş yeni bir müharibənin başlaması ehtimalı kifayət qədər azdır. Rusiyanın NATO ilə savaşı isə ən yaxşı halda Ukrayna üzərindən başlaya bilər. Amma düşünürəm ki, NATO heç vaxt Ukrayna cəbhəsində Rusiyaya qarşı birbaşa savaşa qoşulmayacaq”.

Ləman Mahmudlu
