Putinin bu savaşı niyə davam etdirdiyini bilmirəm
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə münaqişəni dayandırmaq istəmir.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Argentina Prezidenti Xavyer Miley ilə birgə mətbuat konfransında deyib.
Tramp Putinin onu məyus etdiyini bir daha bəyan edib:
“Mənim Putinlə olduqca yaxşı münasibətim var. Onun bu müharibəni niyə davam etdirdiyini bilmirəm”.
Mövzu ilə bağlı Ağ partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, bu açıqlamalarda qeyri-adi təəccüb doğuracaq məqamlar yoxdur:
“Zatən Tramp hakimiyyətə gələndən sonra son doqquz ayda bu tipli təsadüfi açıqlamaları tez-tez verir. Unutmayaq ki, Tramp hakimiyyətə gələndə Ukrayna savaşını qısa müddətdə bitirəcəyinə dair vəd vermişdi, lakin bu vəd yerinə yetirilməyib.
Putinlə dəfələrlə telefon danışıqları aparılıb, eləcə də Alyaskada avqustun 15-də başlayan görüşlər olub. Görünən odur ki, Tramp bu təmaslardan gözlədiyi nəticəni əldə edə bilməyib. O, həmçinin dünya ictimaiyyəti tərəfindən bu görüşlərdə və danışıqlarda üstünlüyün Putinin tərəfində olduğunun qəbul edildiyini gördükdən sonra yenidən bu cür açıqlamalara üz tutur.
Tramp əslində Putinə qarşı sərt görünməyə çalışsa da, onunla yaxın münasibətlərindən də tez-tez söz açır. Bununla yanaşı, Ukrayna müharibəsini bitirə bilmədiyinin fərqindədir və artıq bunu özü də qəbul edib. Nobel Sülh Mükafatını almamasının əsas səbəblərindən birinin Ukrayna müharibəsi olduğunu Tramp çox yaxşı bilir. O, anlayır ki, əgər bu müharibəni bitirə bilsəydi, bəlkə də Nobel mükafatının qalibi olardı. Bu imkanı itirdiyini dərk etdikcə, özünü təsəlli etmək üçün müxtəlif bəyanatlar səsləndirir və biz də bu açıqlamaların şahidi oluruq”.
C.Abbaslı qeyd edib ki, ABŞ-nin Rusiya siyasəti isə inkişaf və yüksələn xətlə davam edir:
“Bəzi hallarda sərt ritorikaya üstünlük verilir, bəzi hallarda isə Rusiyanın əsas supergüclərdən biri olması qəbul olunur. ABŞ-də Rusiyaya qarşı münasibət daha çox Respublikaçılar və Demokratların hakimiyyətdə olmasından asılı olaraq dəyişir. Demokratlar Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirirlər. Trampdan əvvəlki Bayden dövründə də biz bunu aydın şəkildə gördük. Respublikaçılar isə Rusiyaya münasibətdə nisbətən daha loyal davranırlar. Trampın da Rusiyaya dair tez-tez yumşaldıcı açıqlamalar verməsi məhz Respublikaçıların bu münasibətindən qaynaqlanır”.
C.Abbaslı son olaraq qeyd edib ki, Putinin müharibəni davam etdirməsində məqsədləri aydındır:
“O, açıq şəkildə deməsə də, zaman-zaman Sovet İttifaqını bərpa etmək istəyindən dolayı bəzi niyyətlərini gizlətmir. Bu məqsədlə atdığı addımlardan biri də Ukrayna müharibəsidir. Lakin düşünürəm ki, Putin bu məqsədinə heç vaxt çata bilməyəcək. Çünki imperiyalar artıq tarixdə qalıb, müasir dünyada belə bir imperiyanın yenidən qurulmasına heç bir ölkə icazə verməz.
Diplomatiya baxımından isə dövlətlərarası münasibətlər çox vaxt liderlərin bir-biri ilə olan şəxsi münasibətlərindən asılı olur. Tramp və Putin arasında olan münasibətlər Trampın birinci hakimiyyəti dövründən hamıya bəllidir. Hətta o zaman Trampın Rusiya tərəfindən dəstəklənərək hakimiyyətə gətirildiyi barədə iddialar səslənirdi. “Haker cümlələri” məsələsini də xatırlayırsınız yəqin. Trampın prezidentliyi dövründə impiçment məsələsi daim gündəmdə qaldı, lakin həyata keçməyib”.
Nəticə etibarilə, Tramp və Putin arasında fərdi diplomatiyadan qaynaqlanan bir münasibətlər sistemi formalaşıb. Bu münasibətlərin mərkəzində isə Ukrayna məsələsi dayanır. ABŞ Ukraynaya görə heç vaxt Rusiya ilə birbaşa savaşmayacaq və böyük ehtimalla sonda Ukrayna ilə sülh və ya atəşkəs masasında Amerika oturacaq tərəf olacaq”.

Ləman Mahmudlu
