Putinin Donbas tələbi
Alyaskadakı görüşdə Rusiya Prezidenti Vladimir Putin Ukraynadan Donetsk vilayətinin qalan 30%-indən də imtina etməsini tələb edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Rusiyanın müəyyən tələbləri mövcuddur:
"Ümumiyyətlə, həm ABŞ, həm də Rusiya tərəfi Alyaskada prezidentlər arasında baş tutan görüşü müsbət qiymətləndirdi. Trampın özü də bu görüşdən razı görünürdü. Ardınca bir sıra Avropa İttifaqı ölkələrinin rəhbərləri və NATO-nun baş katibi Vaşinqtonda Zelenski ilə görüş keçirdi. Bu görüşü sammit adlandırmaq da olar. Diqqət çəkən məqam ondan ibarət oldu ki, görüşdən sülh və barışıqla bağlı konkret nəticə əldə olunmadı. Lakin Donald Tramp qeyd etdi ki, Vladimir Putin sülh istəyir və artıq atəşkəsdən yox, birbaşa sülhdən danışır. Tramp əlavə etdi ki, onun bitirdiyi münaqişələr sülhlə nəticələnib. Bu, Trampın praqmatik yanaşmasının göstəricisidir və münaqişə vəziyyətində belə yanaşma faydalıdır. Ərazi mübadiləsi məsələsinə gəlincə, Rusiyanın müəyyən tələbləri mövcuddur. Hazırda Donetsk əyalətinin təxminən 85%-i Rusiya nəzarətindədir və Putin Ukraynanın qalan hissədən çəkilməsini tələb edir. Lakin Zelenski bu təklifi qəbul etməyib və Ukraynanın ərazi güzəştlərinə getməyəcəyini açıq bəyan edib. Tramp isə daha çox ərazi mübadiləsindən danışır və görünür ki, Vaşinqtondakı görüşdə Zelenskidən buna razılıq istənilib.Görüşdə diqqət çəkən digər məqam seçkilərlə bağlı oldu. Zelenskinin mövqeyi belədir ki, atəşkəs rejimi olmalıdır ki, seçkilər keçirilsin. Bu isə Rusiyanın tələblərindən birinin Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı olduğunu göstərir. Trampın səsləndirdiyi fikirlər göstərir ki, Ukrayna NATO-ya qəbul edilməyəcək və təhlükəsizlik təminatları ABŞ və Avropa İttifaqı tərəfindən veriləcək. Ağ Ev də açıqlamışdı ki, əgər ABŞ Ukraynanın şərqində mineral və faydalı qazıntıların hasilatı ilə məşğul olacaqsa, bu, Ukrayna üçün təhlükəsizlik təminatı olacaq və Rusiya bu istiqamətdə irəliləməyəcək. Bir neçə gün əvvəl Stiv Vitkov bildirib ki, Rusiya tələbləri əsasında Ukrayna geri çəkilsə də, başqa ərazilərdə irəliləməyəcək. Trampın xüsusi nümayəndəsi bunu vurğulayıb. Görünür, bu qənaət Trampın və Putinin danışıqlarına əsaslanır. Reallıq ondan ibarətdir ki, ABŞ, Zelenskini Putinin şərtlərini müəyyən dərəcədə qəbul etməyə razı sala bilər. Bu proseslərin gedişi də bunu göstərir. Ukraynanın gələcəyi ABŞ-nin mövqeyindən asılı olacaq, çünki Avropa İttifaqı Ukraynaya ciddi təhlükəsizlik təminatı verməkdə məhduddur. Alyaska görüşü göstərdi ki, ABŞ ilə Rusiya arasında yaxınlaşma potensialı kifayət qədər yüksəkdir".
Qəmər Kazımzadə