Putinin Kuril addımı heyrət doğurub
Çin mediası Rusiyanın Yaponiyanın Kuril adaları yaxınlığındakı hərbi addımına verdiyi cavabı “heyrətamiz” adlandırıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi analitik Turab Rzayev bildirib ki, burada Rusiya güc nümayiş etdirir:
"Moskva açıq şəkildə bildirir ki, Kuril adalarının statusunun dəyişdirilməsinə heç bir halda icazə verməyəcək. Artıq Yaponiyanın iddialarına cavab olaraq Rusiya bəyan edib ki, bu ərazilər onun torpaqlarıdır. Çünki Rusiya İkinci Dünya müharibəsində qalib gəlib və həmin torpaqlar ona məxsusdur. Bununla yanaşı, Rusiya Sakit Okean Donanmasını bölgəyə göndərib, adalara raket yerləşdirərək Yaponiyaya sərt cavab verməyə hazır olduğunu nümayiş etdirir. Digər tərəfdən, bu məsələdə Çin də maraqlı görünür. Çin Yaponiyaya düşmən kimi baxır, üstəlik ABŞ ilə münasibətləri də gərgindir. Yaponiya ABŞ-nin bölgədə əsas müttəfiqidir. Buna görə də Rusiya ilə Yaponiya arasında ziddiyyətlərin artması Çinin maraqlarına uyğundur.Çin hesab edir ki, Rusiya ilə ABŞ və Rusiya ilə Yaponiya arasında nə qədər problem çox olsa, bir o qədər Moskva Pekinin yanında çıxış etməyə məcbur qalacaq. Üstəlik, Çinin Yaponiyayla da öz aralarında ada mübahisələri var. Eyni zamanda Yaponiya və ABŞ Çinin Tayvan üzərindəki hakimiyyətini tanımır. Bu da Pekini narahat edir.Beləliklə, Rusiya ilə Yaponiya arasındakı gərginliyin davam etməsi Çinin maraqlarına xidmət edir. Çin bu vəziyyətin davamlı olmasını istəyir".
Qəmər Kazımzadə
