Putinin müharibəni niyə davam etdirdiyini bilmirəm
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Argentina Prezidenti Xavyer Miley ilə birgə mətbuat konfransında bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə münaqişəni dayandırmaq istəmir.
Tramp Putinin onu məyus etdiyini bir daha bəyan edib: "Mənim Putinlə olduqca yaxşı münasibətim var. Onun bu müharibəni niyə davam etdirdiyini bilmirəm”.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Ukrayna torpaqlarını davamlı işğal etdiyi halda, təbii ki, müharibəni dayandırmaz:
“Ukrayna-Rusiya müharibəsində sülhə doğru effektli işlər görülmür. Tutarsız bəyanatlar, vaxtı gəlməmiş danışıqlar sülhə apara bilməz. Vasitəçilər və tərəfdaşlar arasında danışıqların aparılması tərəflərin özləri arasında gedən proseslər üçün vacibdir. Bunun üçün Avropa İttifaqı ölkələri və ABŞ-nin Çin, İran və Şimali Koreya mövqeyinə yenidən baxmaq lazımdır. Çünki artıq Çin ABŞ-nin onu hədəf seçdiyini tam dərk edir və Ukrayna müharibəsində az qala tərəf kimi çıxış edir. Bir sözlə ABŞ və Çin Ukrayna və Rusiya üzərindən soyuq müharibə aparırlar. Eyni zamanda Qərbin Ukraynaya yetərsiz dəstəyi və Rusiyaya qarşı təsirli sanksiyalar tətbiq etməməsi ikincinin irəliləməsinə, üstünlük əldə etməsinə səbəb olub. Rusiya bu savaşda üstünlük əldə etdiyi və Ukrayna torpaqlarını davamlı işğal etdiyi halda, özünə qarşı da ciddi maneə görmədiyi halda, əlbəttə müharibəni dayandırmaz. Donald Trampın sözü siyasi yanaşma deyil. Sanki Putin ilə münasibətlərinin yaxşı olması, xətir-hörmət sayəsində bu müharibəni dayandırmaq olar. Əslində isə burada böyük maraqlar toqquşur. Artıq Putin belə açıqlamaları qulaqardına vurur. Amma bilir ki, haçansa müharibəni dayandırmağa məcbur edəcək zərbə yaxud təziqlərlə qarşılaşacaq. Amma o mərhələ hələ çatmayıb. Həmin mərhələyə qədər mümkün qədər daha çox torpaq işğal etmək, daha çox üstünlük əldə etmək istəyir ki, danışıqlarda mövqeyi üstün və güclü olsun”.
Ekspert onu da qeyd edib ki, Rusiya irəlilədikcə sülh uzaqlaşır:
“Donald Trampın isə əsas marağı dünyadakı bütün müharibələri dayandıran sülh adamı obrazına sahib olmaq, ölkəsinin nüfuzunu qaldırmaqdır. Bəzən də vaxtilə həll olunmuş münaqişələri öz adına çıxmaqla sülhpərvər obraz yaradır. Rusiya və Ukrayna müharibəsini yekunlaşdırmaqla bunun möhürünü vurmaq istəyir. Ancaq Rusiya hələ ki, nə Avropa ölkələrinə, nə də ABŞ-yə əhəmiyyət verir. Bu gedişlə müharibə hələ davam edəcək. Avropa və ABŞ-nin Ukrayna məsələsində koordinasiyasız və ziddiyətli, tərəddüdlü yanaşması, fikir ayrılıqları, Trampın Rusiyaya daha loyal yanaşması zamanla Ukraynanın daha da zəifləməsinə, Rusiyanın isə irəliləyişinə apara bilər. Odur ki, əməli işlər görülməsi labüddür. Çünki Rusiya irəliləyişlərini artırdıqca geri dönüş və sülh uzaqlaşır. Sülhün uzaqlaşması isə əlavə münaqişələrə, həlli çətinləşən katastrofa gətirib çıxaracaq”.
Lalə Qurbanlı
