Qüds dinlərin barışıq nöqtəsinə çevrilməlidir
“İsrail-Fələstin müharibəsi din savaşı deyil. Bu münaqişəni məhz dini kontekstdə təqdim edənlər isə İslam da daxil olmaqla, dünyəvi dinləri siyasiləşdirməklə öz məqsədlərinə, niyyətlərinə çatmaq istəyən qüvvələrdir. Yalnız münaqişənin tarixini bilməyən insanlar bu kontekstdən dəyərləndirmələr irəli sürə bilərlər”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli söyləyib. Politoloqun sözlərinə görə, məsələyə dini nöqteyi-nəzərdən yanaşsaq, o zaman dini kitabların hər üçündə, hazırda İsrailin və Fələstinin yerləşdiyi ərazilər, eyni zamanda Qəzza da daxil olmaqla, İsrail oğullarına məxsusdur.
“Bununla bağlı dini kitabları araşdırıb hər kəs məlumat ala bilər. Amma müasir dünyada münaqişələrin həllinə yalnız beynəlxalq hüququn norma və prinsiplərindən yanaşılır. Hazırda beynəlxalq münasibətlər sisteminin necə olmasından asılı olmayaraq, uzun illərdən bəri formalaşan və müasir dövlətlərin qarşılıqlı münasibətlərini tənzimləyən hüquq normaları var”.
Politoloq deyir ki, bu hüquq normalarından kənar baş verən nə varsa qeyri-legitimdir, yəni əsassızdır.
“Bu aspektdən də, indiki şəraitdə baş verən münaqişənin motivindən asılı olmayaraq, problem ərazi problemidir, münaqişə ərazi münaqişəsidir və münaqişənin həll olunmamasında çoxsaylı məqamlar var. Eyni zamanda BMT qətnaməsinin yəni BMT Baş Assambleyasının 1947-ci ildə qəbul etdiyi qətnamənin icra olunmaması davamlı olaraq bölgədə gərginliyin artmasına zəmin yaradan faktorlardan biridir”.
Elçin Mirzəbəyli düşünür ki, bəlli olduğu kimi, bölgədə iki dövlət yaradılmalıdır.
“Lakin bu iki dövlətin yaradılmasına imkan verməyən, BMT qətnamələrinin icrasına maneə yaradan qüvvələr var. Bu qüvvələr də bölgədə maraqları olan və bölgənin daim münaqişə vəziyyətində saxlanmasını arzulayan dairələrdir. Burda həm qərb dövlətlərinin iştirakı var, həm də İran da daxil olmaqla digər ölkələrin, məhz vəziyyətin bu qədər gərginləşməsində marağı və iştirakı var. Bu hər kəsə bəlli olan, gün kimi aydın olan məqamlardır”.
E.Mirzəbəylinin sözlərinə görə, ərazi münaqişələrinin motivinə müxtəlif detallar daxil edilə bilər.
“Yəni bu emosional fon yaratmaq üçündür. Məsələn din konteksti İsrail-Fələstin münaqişəsinə İran kimi dini siyasiləşdirərək öz məqsədlərinə çatmağa çalışan və İslamın humanist mahiyyətinin əksinə tamamilə siyasət yürüdən ölkələrin maraqlarından qaynaqlanır. Onlar bu kontekstdən dini motivləri önə çəkməklə, İsrailə qarşı daha geniş bir koalisiyanın həyata keçirilməsinə çalışırlar”.
Müsahib deyir ki, eyni zamanda bu amil, molla rejiminin-İran rejiminin daxili siyasətində də əsas yer tutan aparıcı faktorlardan biridir.
“Yəni 1979-cu ildə İran yarandığı gündən başlayaraq, İsraili hədəf seçib. Məqsəd isə ondan ibarətdir ki, Fələstin məsələsi İslam dünyasının elan olunmamış həssas problemlərindən biri sayılır. Daha doğrusu, bu məsələ məqsədyönlü şəkildə həssas bir problemə çevrilib. Bu aspektdən də, İranın indiki rejiminin yaradılma səbəbləri, bu ölkənin müsəlman dünyasına nüfuz edərək öz maraqlarını,onu yaradanların maraqlarını ifadə etməkdən ibarət olduğu üçün İran din faktorunu məqsədyönlü şəkildə daha qabarıq ortaya qoyur”.
Müsahib sonda qeyd edir ki, İran ölkə daxilində, uzun illərdən bəri, saxta ideoloji fəaliyyəti təbliğatı ilə nəzarət və basqı altında saxladığı ölkə sakinlərini inandırmağa çalışır ki, İran rejimi həqiqətən də İslam dəyərlərini qoruyan və onu mühafizə edən bir ölkədir.
“Prosessin təməlində dayanan aspektlər bunlardır. Amma şübhəsiz ki, BMT qətnamələri icra olunmalıdır, bölgəyə sülh,əmin amanlıq gəlməlidir. Qüds dinlərin barışıq nöqtəsinə çevrilməlidir və bunun həyata keçməsi üçün bütün dövlətlər çalışmalıdır”.
Gülay Qəribova