"Qəzza planı ABŞ və İsrail arasında fikir ayrılığı yarada bilər" - ŞƏRH
ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi Cared Kuşnerin Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü başlayıb.
Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Cared Küşner və Benyamin Netanyahunun Donald Trampın Qəzzə üzrə sülh planına dair apardıqları danışıqlar Yaxın Şərq siyasətində mühüm dönüş nöqtəsidir:
“Netanyahunun bu plana yanaşması və irəli sürəcəyi şərtlər gələcək ABŞ-İsrail münasibətlərinin xarakterini birbaşa müəyyən edəcək. Vaşinqtonun təqdim etdiyi sülh təşəbbüsləri adətən daha geniş regional maraqları və tərəfdaşların təhlükəsizlik balansını nəzərdə tutur. Lakin İsrail rəhbərliyinin daxili siyasi prioritetləri və təhlükəsizliklə bağlı sərt mövqeyi bəzən bu planlarla ziddiyyət təşkil edə bilər. Əgər Netanyahu ABŞ-nin təkliflərinə qarşı güzəştə getməkdən imtina edərsə, bu, iki ölkə arasında uzunmüddətli strateji ittifaqda müəyyən soyuqluq yarada bilər. Vaşinqtondakı administrasiya bölgədə sülhün təmin olunmasını özünün xarici siyasət uğuru kimi qiymətləndirir və tərəfdaşlarından bu prosesə konstruktiv dəstək gözləyir. İsrail baş nazirinin planı qəbul etməkdə tərəddüd etməsi və ya şərtləri sərtləşdirməsi Ağ Evin rəhbərliyində narazılıq doğura bilər. Bu cür fikir ayrılıqları iki ölkə arasındakı hərbi-siyasi koordinasiyaya da mənfi təsir göstərə bilər”.
Zeynal Əmrəliyevin sözlərinə görə, Trampın komandasının təzyiqləri fonunda İsrail hökuməti müəyyən kompromislərə getmə məcburiyyətində qala bilər:
"Netanyahunun planla bağlı atacağı addımlar təkcə ikitərəfli əlaqələrə deyil, həm də bütün regionun gələcək taleyinə təsir edəcək. ABŞ ilə İsrail arasında yarana biləcək hər hansı inamsızlıq digər regional oyunçuların mövqeyini gücləndirə bilər. Vaşinqton isə Qəzzə böhranının həllində israrlı olduğunu nümayiş etdirməklə özünün qlobal liderlik imicini qorumağa çalışır. Buna görə də tərəflər arasında aparılan bu qapalı və açıq danışıqlar çox həssas bir müstəvidə davam edir. Netanyahunun manevr imkanları daxili siyasi qüvvələrin təzyiqi üzündən olduqca məhduddur. Amma ABŞ-nin strateji dəstəyindən tamamilə imtina etmək də İsrail üçün mümkün deyil. Nəticə etibarilə, bu danışıqların gedişi iki müttəfiq arasında yeni bir diplomatik sınaq mərhələsinin başlanğıcı ola bilər və yaxın gələcəkdə münasibətlərin dərinliyini məhz bu prosesdə əldə olunan razılaşmalar formalaşdıracaq".
Nurgün Qənizadə