00:00:00
Yazar
Ayan Sədi
06.07.2026 21:48 49 2 dəq oxuma
Dünya

Qəzzada bərpa üçün yeni şərt: Demilitarizasiya tələbi

Qəzzada bərpa üçün yeni şərt: Demilitarizasiya tələbi

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tərk-silah edilmədən və Qəzza zolağı tam demilitarizasiya olunmadan bölgədə bərpa işlərinə icazə verilməyəcək.

 

O həmçinin Livanla bağlı İsrailin qərarlarını öz maraqları əsasında verdiyini deyib və Donald Trampın Livandakı hədəflərə zərbə endirməmək barədə ona müraciət etdiyi iddialarını təkzib edib.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Netanyahunun bu mövqeyi Qəzzada bərpa prosesinin yalnız təhlükəsizlik şərtləri, o cümlədən HƏMAS-ın tərk-silah edilməsi ilə mümkün olacağını göstərir:

 

"Netanyahunun Qəzzada bərpa işlərinin HƏMAS-ın tərk-silah edilməsi və bölgənin demilitarizasiyası ilə şərtləndirilməsi münaqişənin gələcək mərhələsi və mümkün atəşkəs danışıqları baxımından ciddi strateji mesaj kimi qiymətləndirilə bilər. Bu yanaşma, əslində, humanitar və bərpa gündəliyini təhlükəsizlik və hərbi-siyasi nəticələrlə birbaşa bağlayan sərt şərt modelini ortaya qoyur. Belə bir mövqe onu göstərir ki, İsrail münaqişənin post-konflikt mərhələsinə keçidini yalnız təhlükəsizlik təminatları ilə mümkün hesab edir. Yəni Qəzzada infrastrukturun bərpası və humanitar proseslərin başlanması təkcə texniki və iqtisadi məsələ kimi deyil, eyni zamanda siyasi və hərbi balansın dəyişməsi ilə sıx bağlı bir proses kimi təqdim olunur. Bu isə danışıqlar prosesində humanitar fasilə və yenidənqurma anlayışlarını daha şərtli və mürəkkəb edir”.

 

Politoloq qeyd edib ki, bu yanaşma İsrailin təhlükəsizlik prioritetlərini əks etdirsə də, sərt şərtlər atəşkəs danışıqlarını və uzunmüddətli sülh perspektivini çətinləşdirə bilər:

“HƏMAS-ın tərk-silah edilməsi tələbi isə  praktik baxımdan münaqişənin ən çətin və uzunmüddətli məsələlərindən biridir. Çünki bu tələb yalnız hərbi strukturun deyil, həm də siyasi və sosial təsir mexanizmlərinin dəyişməsini nəzərdə tutur. Belə bir şərtin qısa müddətdə yerinə yetirilməsi real görünmədiyi üçün bu yanaşma atəşkəs danışıqlarının tempinə mənfi təsir göstərə bilər və prosesin uzanmasına səbəb ola bilər.

 Demilitarizasiya tələbini İsrail özünün təhlükəsizlik doktrinası baxımından izah edir. İsrail uzun illərdir Qəzzadan gələn raket hücumları və sərhəd təhlükəsizliyi risklərini əsas təhlükə kimi qiymətləndirir və buna görə də bölgədə hərbi potensialın məhdudlaşdırılmasını strateji məqsəd hesab edir. Lakin bu yanaşma humanitar bərpa prosesinin siyasi şərtlərlə bağlanması səbəbindən ciddi reaksiyalar doğurur.

Atəşkəs danışıqları kontekstində belə sərt şərtlər, şübhəsiz ki, tərəflər arasında etimad mühitinin formalaşmasını çətinləşdirir. Çünki danışıqların uğuru adətən mərhələli kompromislər və qarşılıqlı addımlar üzərində qurulur. Əgər bərpa prosesi ilkin mərhələdən siyasi və hərbi şərtlərlə tam bağlı şəkildə təqdim olunursa, bu, vasitəçilik səylərinin effektivliyini azalda bilər. Ümumilikdə dəyərləndirsək, İsrail tərəfinin bu yanaşması qısamüddətli atəşkəs ehtimallarını hələ də saxlasa da, uzunmüddətli sülh prosesini daha mürəkkəb və mərhələli bir trayektoriyaya yönləndirir”.

 

Aydan Əsgərxanlı

#baki #azərbaycan #gündəm #qəzzada #bərpa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər