Qadın voleybolçuların Avropa çempionatı hazırlığı necə gedir?
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına hazırlıq çərçivəsində Belarus yığması ilə keçirdiyi hər iki yoxlama oyununda 3:1 hesablı qələbə qazanıb. Faiq Qarayevin rəhbərlik etdiyi komanda hazırlıq mərhələsində keçirdiyi bütün yoxlama görüşlərində qalib gəlib.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə İnformator.az”a açıqlamasında bildirib ki, yoxlama oyunları möhtəşəmdir, amma Avropa çempionatı çox çətin olacaq:
“Ümumiyyətlə, yoxlama oyunlarından milli komandamız çox yaxşı təəssürat bağışladı. Faiq müəllimin də milli komandanın baş məşqçisi olaraq burada böyük rolu var. Hazırda hazırlıqlar yaxşı gedir, işlər qaydasındadır. İdmançıların həm fiziki cəhətdən vəziyyəti normaldır, eyni zamanda onların taktik-texniki bacarıqları yerindədir. Ona görə hesab edirəm ki, bu templə davam etsək, uğurlu çıxış ola bilər.
Yoxlama oyunları möhtəşəmdir və bura kimi hər şey əladır, amma Avropa çempionatı çox çətin olacaq. Rəqiblər çox güclüdür. Yoxlama oyunlarındakı rəqiblərlə oradakı rəqiblər arasında ciddi fərq var. Amma hesab edirəm ki, doğma meydanda, doğma azarkeşlərin önündə çıxış etmək komandaya əlavə motivasiya verəcək. Faiq müəllim kimi peşəkar bir mütəxəssisin də burada böyük rolu var. Hər şeydən öncə idmançılar özlərinə inanmalıdırlar. Artıq burada tək fiziki və taktiki hazırlıq yox, həm də psixoloji hazırlıq olmalıdır ki, özgüvən yaransın, oyunda vəziyyətə nəzarət etmək və rəqiblərə qalib gəlmək mümkün olsun. Bugünkü oyunlara baxsaq və bu templə davam etsək, şansımız kifayət qədər artıb”.
Samirə Allahverdizadə