Qara dəliyin yaxınlığında sürət rekordu: S301 işıq sürətinin 8 faizinə çatır
Qara dəliyinin ətrafında yüksək sürətlə hərəkət edən yeni ulduz aşkar ediblər. S301 adı verilən ulduz qara dəliyin ətrafında tam dövrünü 8,7 ilə başa vurur və ən yaxın keçidi zamanı işıq sürətinin 8 faizini ötən sürətə çatır.
Beynəlxalq tədqiqat qrupu Çilidə yerləşən Çox Böyük Teleskop İnterferometrinin (VLTI) məlumatlarını təhlil edərək S301-in qeyri-adi orbitini müəyyənləşdirib.
S301 olduqca dar və elliptik orbit üzrə hərəkət edir. Ulduz qara dəliyə ən yaxın məsafədə Yer ilə Günəş arasındakı məsafənin təxminən 12 qatı qədər yaxınlaşır. Bu zaman onun sürəti işıq sürətinin 8 faizindən çox olur.
Tədqiqatçılar hesab edirlər ki, S301-in bu ekstremal hərəkəti qara dəliyin güclü cazibə sahəsinin öyrənilməsi üçün mühüm imkan yaradır.
Eynşteynin nəzəriyyəsi sınaqdan keçiriləcək.
Təxminən 4,3 milyon Günəş kütləsinə malik Sagittarius A* ətrafında S301-in hərəkəti Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinin daha dəqiq sınaqdan keçirilməsinə imkan verə bilər.
Nəzəriyyəyə əsasən, böyük kütləli və fırlanan cisimlər fəza-zamanı ətraflarında “sürükləyir” və yaxınlıqdakı obyektlərin orbitlərinə təsir göstərir. Alimlər S301-in orbitində yaranacaq bu dəyişikliklərin yaxın onillik ərzində ölçülə biləcəyini düşünürlər. Bu isə qara dəliyin fırlanma sürətinin birbaşa müəyyənləşdirilməsi üçün mühüm elmi imkan yarada bilər.
Tədqiqatçılara görə, ulduzun bu qədər uzunsov orbitə malik olması onun keçmişdə ikili ulduz sisteminin bir hissəsi olduğunu göstərə bilər. Ehtimala əsasən, sistem Sagittarius A*-ya yaxınlaşdıqdan sonra ulduzlardan biri böyük sürətlə kosmosa atılıb, S301 isə qara dəliyin güclü cazibə sahəsinin təsiri ilə dar orbitdə qalıb.
Hesablamalara əsasən, S301-in Sagittarius A*-ya növbəti ən yaxın keçidi 2031-ci ildə baş verəcək. Astronomlar həmin dövrdə yeni nəsil nəhəng teleskoplardan istifadə etməklə ulduzun hərəkətini daha dəqiq müşahidə etməyi və qara dəliyin ətrafındakı ekstremal fiziki şəraiti araşdırmağı planlaşdırırlar.
S301-in hərəkətinin müşahidəsi həm qara dəliklərin xüsusiyyətlərinin öyrənilməsi, həm də kainatın fundamental fizika qanunlarının sınaqdan keçirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Nuray Əliyeva