00:00:00
Yazar
Ayan Sadi
15.10.2026 23:38 34 2 dəq oxuma
Dünya

Qara dənizdə müharibə ticarət xərclərini artırır

Qara dənizdə müharibə ticarət xərclərini artırır

Rusiya-Ukrayna müharibəsi Qara dənizdə dəniz ticarətini çətinləşdirir, investorların xərclərini artırır və beynəlxalq ticarətə təsir göstərir. Gəmilərin və yüklərin təhlükəsizliyi ilə bağlı risklər, sığorta və logistika xərclərinin yüksəlməsi investisiya qərarlarına təsir etməklə yanaşı, daşınan malların qiymətlərinin artmasına da səbəb olur.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi Ukrayna ilə dəniz ticarəti aparan investorlar üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, təhlükələrin artması ticarət xərclərinin yüksəlməsinə gətirib çıxarır.

 

“Əsas risklərdən biri gəmilərin və daşınan yüklərin təhlükəsizliyi ilə bağlıdır. Gəmilərin Qara dənizdən keçməsi təhlükəli olduğuna görə sığorta xərcləri də artır. Çünki gəminin hücuma məruz qalması ehtimalı var. Sığorta şirkətləri bu riskləri nəzərə alaraq daha yüksək qiymətlər müəyyənləşdirirlər. Eyni zamanda, daşıma şirkətləri də təhlükəli marşrutlardan istifadə etdiklərinə görə daşınma xərclərini artırırlar”.

 

Xalid Kərimli qeyd edib ki, dəniz ticarətinə təsir göstərən digər mühüm amil limanların fəaliyyətində yaranan çətinliklərdir.

 

“Digər risk limanların fəaliyyətində yaranan problemlərlə bağlıdır. Qara dəniz sahilində yerləşən Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna limanlarının fəaliyyətində yaranan çətinliklər dəniz ticarətinə təsir göstərir. Gəmilərin hərəkətində fasilələr yarandıqda yüklərin boşaldılması və gəmilərin yenidən yola salınması çətinləşir. Bəzən gəmilər risklərin azalmasını gözləmək üçün limanlarda günlərlə qala bilirlər. Bütün bunlar investorların qərarlarına təsir edir”.

 

İqtisadçının sözlərinə görə, dəniz ticarətində risklərin artması investisiyaların gəlirliliyini azaldır, investorları kapital qoyuluşlarını ixtisar etməyə və yeni investisiyaları təxirə salmağa vadar edir. Nəticədə, təchizat zəncirlərində dəyişikliklər baş verir və daha bahalı marşrutlardan istifadə zərurəti yaranır.

 

“Bütün bunlar daşınan malların qiymətlərinin artmasına səbəb olur. Nəticədə istehlakçılar həmin malları mağazalardan daha yüksək qiymətə almaq məcburiyyətində qalırlar. Qara dənizdə risklərin artması Aralıq dənizi hövzəsindəki ticarət marşrutlarının inkişafı üçün müəyyən imkanlar yarada bilər”.

 

Aynur Əhmədli

#gündəm #yeni #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər