00:00:00
Yazar
Admin User
11.12.2025 17:47 129 2 dəq oxuma
Siyasət

Qarabağ ermənilərinin qayıdışı mümkün deyil

Qarabağ ermənilərinin qayıdışı mümkün deyil

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilərin geri dönməsinin real olmadığını bildirib. O vurğulayıb ki, bu məsələni gündəmdə saxlamaq bölgədə yeni gərginlik və münaqişə riskini artırır.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Qarabağla bağlı bu bəyanat Paşinyanın hakimiyyətdə olduğu dövrdə ən praqmatik mövqelərindən biridir:

 

"Bu, onun reallığı nə dərəcədə dərk etdiyini göstərir. Paşinyan başa düşür ki, həm ölkəsinin, həm də özünün nicatı yalnız qonşularla normal münasibətlər qurmaqdan keçir. Ola bilsin ki, onun siyasətinin dərinliklərində uzaq perspektivdə Qarabağla bağlı başqa niyyətləri olub, lakin hazırkı şəraitdə çox yaxşı anlayır ki, həm hüquqi, həm də faktiki olaraq Qarabağdan imtina etməkdən başqa Ermənistanın yolu yoxdur. Hiss olunur ki, Paşinyan Qarabağ mövzusunda kifayət qədər cəsarətli və qətiyyətli davranır. Cəmiyyətdə bu plana dəstək verən kəsimin gücləndiyini görür və bunu nəzərə alır. Buna görə də belə cəsarətli bəyanatlar verməklə həm öz sülh planına ictimai dəstəyi möhkəmləndirir, həm də müharibə tərəfdarı olan revanşist qüvvələrin mövqelərini zəiflədir. Beləliklə, cəmiyyətə mesaj verir ki, Ermənistanın gələcəyi Qarabağla bağlı revanş siyasətində deyil, Paşinyanın apardığı hazırkı siyasətdədir. Eyni zamanda Paşinyan bu siyasəti ilə beynəlxalq aləmdə, xüsusilə ABŞ-də dəstək qazanır. Amerika bölgədə öz mövqeyini gücləndirməyə çalışır və sülh prosesinin ABŞ-nin, xüsusilə Tramp administrasiyasının iştirakı ilə sürətlənməsi həm region, həm də ABŞ üçün məqbul sayılır. Bu yolla Vaşinqton bölgədə nüfuzunu daha da artırır. Bundan başqa, Paşinyan yaxşı başa düşür ki, sülh prosesi nə qədər sürətlə irəliləsə və Qarabağ mövzusundan imtina nə qədər tez cəmiyyətdə qəbul olunsa, bir o qədər də Rusiyanın bölgəyə və Ermənistana müdaxilə imkanları məhdudlaşacaq. Çünki hazırda Rusiyanın dəstəyinə arxalanan bütün siyasi qüvvələr açıq şəkildə Qarabağ məsələsində revanş mövqeyi tutur. Bu səbəbdən Paşinyan qətiyyətli bəyanatları ilə həm Ermənistanın çıxılmaz vəziyyətdən çıxmasının ən real yolunu göstərir, həm Qərbə özünü sülhpərvər bir dövlət başçısı kimi təqdim edir, həm Rusiyanın təsirlərini neytrallaşdırmaq üçün daha əlverişli mövqe qazanır, həm də ölkə daxilində siyasi mövqeyini gücləndirir".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər