Qazaxıstan Rusiya–Ukrayna danışıqları üçün platforma təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkəsi Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün platforma təqdim etməyə hazırdır. O, vurğulayıb ki, Qazaxıstan vasitəçi rolunda çıxış etmir, lakin tərəflər razılaşarsa, danışıqların uğurla keçirilməsi üçün bütün zəruri xidmətləri göstərə bilər. Tokayev həmçinin qeyd edib ki, yüksək səviyyədə görüş üçün əvvəlcədən hazırlıq işləri aparılmalıdır.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Qazaxıstanın Rusiya–Ukrayna münaqişəsi üzrə danışıqlar üçün platforma təklifi postsovet məkanında neytral diplomatik mərkəz kimi Astananın yeni rola iddialı çıxışıdır:
“Prezident Tokayevin bu təşəbbüsü, ölkəsinin vasitəçi yox, texniki və diplomatik dəstək verən tərəf kimi çıxış etməsi ilə fərqlənir. Bu, həm də Qazaxıstanın balanslı xarici siyasət kursunun davamı və regionda sabitlik üçün konstruktiv töhfə vermək niyyətidir. Rusiya hələlik rəsmi cavab verməsə də, Moskva üçün Astana — həm coğrafi, həm də siyasi baxımdan münasib platformadır. Ukrayna tərəfi isə bu təklifi ehtiyatla qarşılayır, çünki Qazaxıstanın Rusiya ilə strateji münasibətləri Kiyevdə şübhə doğura bilər. Digər beynəlxalq aktorlar, xüsusilə BMT və Aİ, Qazaxıstanın təşəbbüsünü ehtiyatlı optimizmlə qarşılayır. BMT Baş katibi son diplomatik cəhdləri alqışlayaraq, sülhə aparan istənilən təşəbbüsə açıq olduqlarını bildirib. Avropa İttifaqı isə münaqişənin diplomatik həlli üçün alternativ platformaların yaranmasını müsbət qiymətləndirir, lakin konkret dəstək bəyanatı verməyib. Bu, həm də beynəlxalq hüququn və diplomatik balansın qorunması baxımından Astananın reputasiyasına müsbət təsir göstərir”.
Politoloqun sözlərinə görə, Qazaxıstan təhlükəsizlik məsələlərinə xüsusi önəm verir və yüksək səviyyəli görüş üçün tam təminat verməyə hazır olduğunu bəyan edib:
“Astana daha əvvəl Suriya münaqişəsi üzrə danışıqlara ev sahibliyi etməklə bu sahədə təcrübə qazanıb. Qazaxıstan rəsmiləri bildiriblər ki, Putin, Zelenski və Tramp kimi liderlər üçün tam təhlükəsizlik və diplomatik rahatlıq təmin edilə bilər. Bu, həm də Qazaxıstanın beynəlxalq vasitəçilik mədəniyyətini formalaşdırmaq cəhdidir. Tokayevin bu təşəbbüsü postsovet məkanında yeni diplomatik dinamikanın yaranmasına səbəb ola bilər. Qazaxıstanın rolu həm də Mərkəzi Asiyanın geosiyasi çəkisini artırmaq üçün strateji addımdır. Münaqişənin həlli üçün neytral, etibarlı və texniki cəhətdən hazırlıqlı platforma təklif etmək, regionda diplomatik liderlik iddiasının göstəricisidir. Bu təşəbbüs uğurla reallaşarsa, Astana yalnız Rusiya və Ukrayna arasında deyil, digər qlobal münaqişələrdə də diplomatik meydança kimi tanına bilər. Bu, həm də Qazaxıstanın beynəlxalq statusunun yüksəlməsi və regional sabitlik üçün yeni imkanların açılması deməkdir”.
Mələk Hüseynova