Qazaxıstan və Ermənistan arasında 16 sənəd imzalanıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Astanada keçirilən danışıqlarının yekunları üzrə iki ölkə arasında 16 sənəd imzalanıb. Qeyd olunub ki, Tokayev və Paşinyan birgə bəyanat qəbul ediblər, həmçinin onların iştirakı ilə rəsmi nümayəndə heyətlərinin üzvləri bir sıra hökumətlərarası və idarələrarası sənədləri mübadilə ediblər.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, bir sıra sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub:
"Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstana rəsmi səfəri çərçivəsində Qazaxıstan və Ermənistan arasında strateji tərəfdaşlığa dair birgə sənəd imzalanıb. Bu sənəd iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına şərait yaradıb. Eyni zamanda, səfər zamanı 15 müqavilə imzalanıb və bu sənədlər əsasən ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə aiddir. Yol-nəqliyyat sahəsində, o cümlədən “TRIPP” layihəsi ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan bu layihədə iştirak etmək niyyətindədir. Yəni layihənin açılması və inşası prosesinə qoşulmaq və öz töhfəsini vermək istəyir. Bundan əlavə, bir sıra sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Xüsusilə Qazaxıstan və Ermənistan arasında ticarət əlaqələrinin genişlənməsi diqqətə çatdırılıb. Məsələn, bu gün Azərbaycan üzərindən 1000 ton qazax buğdası Ermənistana göndərilib. Həmçinin qeyd olunub ki, Qazaxıstanın Ermənistana ixracı 350 milyon dollaradək artıb. Bu da göstərir ki, tərəflər ticarət əlaqələrini aktiv şəkildə inkişaf etdirirlər".
Ekspertin sözlərinə görə, bu sülh sazişinin imzalanması Qazaxıstan üçün də faydalıdır:
"Orta dəhliz və konkret olaraq TRIPP dəhlizi ilə bağlı da Qazaxıstanın Ermənistanla əməkdaşlıq etmək istədiyi vurğulanıb. Astanada küçələrdən birinə erməni əlifbasının yaradıcısı Mesrop Maştotsun adının verilməsi və Paşinyana medal təqdim edilməsi də diqqət çəkən məqamlardandır. Qazaxıstan Paşinyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi töhfələri yüksək qiymətləndirib və onu əhəmiyyətli liderlərdən biri kimi dəyərləndirib. Qazaxıstan həmçinin Azərbaycan və Ermənistan arasında sülh anlaşması istiqamətində əldə olunan irəliləyişi məmnunluqla qarşılayıb. Bu sülh sazişinin imzalanması Qazaxıstan üçün də faydalıdır, çünki sazişdən və Orta Dəhlizin tam işləməsindən sonra Qazaxıstan öz məhsullarını Azərbaycan və Ermənistan üzərindən Avropaya çıxarmaq imkanı əldə edir. Bütün bunlar Qazaxıstan üçün əlverişli şərait yaradır və Ermənistanın baş naziri Paşinyanın bu istiqamətdəki fəaliyyətlərini Qazaxıstan müsbət qiymətləndirir".
Xədicə Məhərrəmli
