Qazaxıstan və İran arasında hökumətlərarası sazişlər paketinin mübadiləsi baş tutub
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə imzalanan hökumətlərarası və idarələrarası sənədlər paketinin mübadiləsi həyata keçirilib. Tərəflər cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə, həmçinin avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq sərnişin və yük daşımaları haqqında sazişə əlavə və dəyişikliyin edilməsi barədə protokol mübadiləsi aparıblar.
Mövzu ilə bağlı politoloq Arzuxan Əlizadə "İnformator.az"a açıqlamasında bildirib ki, İran və Qazaxıstan arasında bundan əvvəlki dövrlərdə də bir çox müqavilələr imzalanıb:
"İran Prezidenti Məsud Pezeşkiyan hazırda Qazaxıstana səfərdədir. İki günlük səfər çərçivəsində İran və Qazaxıstan arasında bir sıra sənədlərin imzalanma mərasimi keçirilib və bu mərasim hər iki ölkə Prezidentinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və İran Prezidenti Pezeşkiyanın iştirakı ilə baş tutub. Məlum olduğu kimi, İran və Qazaxıstan arasında bundan əvvəlki dövrlərdə də bir çox müqavilələr imzalanıb, o cümlədən bir milyard dollarlıq investisiya qoyuluşunu nəzərdə tutan razılaşma mövcuddur. 2024-cü ilin dekabrında Pezeşkiyanın Qazaxıstana əvvəlki səfəri zamanı da oxşar sənədlər imzalanıb. Xüsusilə nəqliyyat, dəmir yolu layihələri və Şimal və Cənub nəqliyyat dəhlizi ilə bağlı sazişlər diqqət çəkir. Bu dəfə imzalanan müqavilələr də əsasən iqtisadi əməkdaşlıq, nəqliyyat və investisiya sahələrini əhatə edir. Eyni zamanda hökumətlərarası sazişlər də imzalanıb. İqtisadiyyat, maliyyə və ticarət sahələrinə dair razılaşmalar, habelə iki ölkə arasında böyük investisiya layihələri də mövcuddur. Məsələn, Qazaxıstanın İnvestisiya Fondu ilə İran müəssisələri arasında imzalanmış razılaşma buna misal ola bilər. Ümumilikdə, bu cür müqavilələrin imzalanması ilk dəfə deyil. Qazaxıstan və İran arasında münasibətlərin ardıcıl şəkildə müsbət istiqamətdə inkişaf etdiyi görünür".
Ekspertin sözlərinə görə, münasibətlərin güclənməsi bütövlükdə regionun sabitliyinə əhəmiyyətli töhfə verə bilər:
"Məsələ ondadır ki, Qazaxıstan regional əməkdaşlıq üçün kifayət qədər əlverişli bir ölkədir və Avrasiya məkanında mühüm rol oynayır. Bu baxımdan İran və Qazaxıstan münasibətlərinin güclənməsi bütövlükdə regionun sabitliyinə əhəmiyyətli töhfə verə bilər. Xüsusilə də kommunikasiya qovşaqlarının genişlənməsi, Çin, Mərkəzi Asiya və İran vasitəsilə, eləcə də Azərbaycan üzərindən həyata keçirilən infrastruktur layihələri fonunda bu əməkdaşlığın daha da dərinləşməsi müsbət nəticələr doğuracaq. Ən əsası isə odur ki, regional ölkələrin bu cür yaxınlaşması, qarşılıqlı investisiya layihələrinin reallaşdırılması, logistika, dəmir yolu və nəqliyyat sahəsində razılaşmaların əldə olunması geniş mənada regionda sabitliyə zəmanət verə biləcək addımlardır. Bu baxımdan atılan addımlar təqdirəlayiqdir".
Xədicə Məhərrəmli
