Qazaxıstanla Rusiya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaq
Qazaxıstan və Rusiya iki ölkə arasındakı münasibətləri hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçirmək barədə Bəyannamə imzalayacaqlar. K.Tokayev Qazaxıstanda Rusiya kapitalı ilə 20 mindən çox şirkətin uğurla fəaliyyət göstərdiyini bildirib.
Mövzu ilə bağlı politiloq Arzuxan Əlizadə "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya bəzən postsovet məkanında olan ölkələrə fərqli yanaşma sərgiləyir:
"Qazaxıstanla Rusiya arasında strateji müttəfiqlik haqqında müqavilənin imzalanması hər iki dövlətin daxili işidir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Qazaxıstan postsovet məkanında yerləşən və Rusiya ilə ortaq tarixə malik olan dövlətdir. Sovetlər dönəmində hər iki ölkə eyni dövlətin tərkibində olub və bu səbəbdən Qazaxıstanda rus əhalisinin sayı kifayət qədər çoxdur. Həmçinin ölkənin Rusiya ilə sərhəddə yerləşməsi iki ölkə arasında münasibətlərin daha intensiv inkişafına səbəb olub. Bugünkü reallıqlar çərçivəsində Qazaxıstanın qonşu dövlət Rusiya ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmaq qərarı da məhz bu tarixi və coğrafi amillərlə bağlıdır.Oxşar müqavilələr digər postsovet ölkələri ilə də imzalanıb. Məsələn, Azərbaycan və Rusiya arasında 2022-ci il fevralın 22-də strateji müttəfiqlik haqqında sənəd imzalanmışdı. Təəssüf ki, qarşı tərəfin adekvat yanaşma sərgiləməməsi səbəbindən münasibətlərdə müəyyən gərginliklər müşahidə olunub.
Azərbaycan bütün dövlətlərlə, xüsusilə region ölkələri ilə münasibətlərin normal və qarşılıqlı hörmət əsasında inkişafında maraqlıdır. Qazaxıstan və digər Orta Asiya respublikaları da Rusiya ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulmasını istəyirlər. Təcrübə göstərir ki, Rusiya bəzən postsovet məkanında olan ölkələrə fərqli və bərabərhüquqlu olmayan yanaşma sərgiləyir. Bu isə qəbuledilən hal deyil. Halbuki Qazaxıstan kifayət qədər inkişaf etmiş, böyük iqtisadi və insan resurslarına, eləcə də geniş əraziyə malik dövlətdir".
Ekspertin sözlərinə görə, Qazaxıstan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır:
"Yaxınlarda “C5+1” formatında Qazaxıstanda keçirilən tədbirdə də bu ölkə Orta Asiya respublikaları və ABŞ ilə münasibətlərin yüksək səviyyədə inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Qazaxıstan neft, qaz, uran ehtiyatları və logistik imkanlarına görə də beynəlxalq miqyasda diqqət çəkən dövlətdir.Bundan əlavə, ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür və bu çərçivədə Türkiyə və digər türk dövlətləri ilə sıx əlaqələr saxlayır. Rusiya ilə ticari, iqtisadi və logistik sahələrdə əməkdaşlığın strateji müttəfiqlik səviyyəsində qurulması da təqdirəlayiqdir. Bu, Qazaxıstanın gələcək inkişafı üçün əlavə iqtisadi imkanlar və dividendlər vəd edir. Prezident Kasım Jomart Tokayev dəfələrlə bəyan edib ki, Qazaxıstan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Bu baxımdan, Rusiya ilə strateji müttəfiqlik haqqında müqavilənin imzalanması tamamilə normal və məntiqli qərardır. Lakin xüsusi vurğulamaq lazımdır ki, Rusiya bu münasibətləri yalnız bərabərhüquqlu əsasda qurmalıdır.
Əgər əməkdaşlıq qarşılıqlı hörmət prinsipi üzərində qurularsa, həm siyasi, həm də iqtisadi sahədə hər iki dövlət üçün real dividendlər əldə etmək mümkündür".
Xədicə Məhərrəmli
