Qaziantep səmasında zərərsizləşdirilən raketlə bağlı açıqlama
Bölgədəki gərginliyin daha da artmaması və qarşıdurmaların daha geniş əraziyə yayılmaması böyük əhəmiyyət daşıyır. Başda İran olmaqla bütün tərəflərə, regional təhlükəsizliyi riskə atan və mülki şəxsləri təhlükə altına sala biləcək hərəkətlərdən uzaq durmaları barədə xəbərdarlığımızı bir daha qəti şəkildə təkrarlayırıq.
"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran açıqkamasında bildirib.
Departament rəhbəri İrandan atılaraq Türkiyəyə yönəldiyi müəyyən edilən, Qaziantep vilayətinin Şahinbey rayonu səmasında NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilən ballistik raket ilə bağlı danışıb.
O, bu hadisə nəticəsində hər hansı insan itkisi və ya yaralanmanın baş vermədiyini deyib.
“Hadisə ilk andan etibarən bütün qurumlarımız tərəfindən yaxından izlənilib, zəruri müdafiə və təhlükəsizlik tədbirləri dərhal işə salınıb. Bu çərçivədə başda Milli Müdafiə Nazirliyi olmaqla, bütün aidiyyəti qurumlarımız tam koordinasiya şəraitində fəaliyyət göstərir. Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması məsələsində dövlətimizin iradəsi və imkanları ən yüksək səviyyədədir. Bu müddətdə vətəndaşlarımızdan və media qurumlarımızdan təsdiqlənməmiş, ictimaiyyətdə panikaya səbəb ola biləcək və dezinformasiya ehtiva edən məlumatlara qarşı həssas davranmalarını, yalnız rəsmi qurumlarımız tərəfindən verilən açıqlamaları əsas götürmələrini xüsusilə xahiş edirik”, - deyə Burhanettin Duran bildirib.