Qerman Sterliqov Domodedovo hava limanında saxlanılıb
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən və beynəlxalq axtarışa verilmiş Qerman Sterliqov işğal edilmiş Azərbaycan ərazilərindən Yerevan vasitəsi ilə avqustun 31-də Moskva şəhərinə gedərkən Domodedovo hava limanında Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
İnformator xəbər verir ki, bu haqda Respublika Baş Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin, o cümlədən dindirmə və sair prossessual hərəkətlərin yerinə yetirilməsi, eyni zamanda G.Sterliqovun ekstradisiya edilməsi məqsədi ilə hüquqi yardımın göstərilməsi üçün Rusiya Federasiyasının Baş prokuroru Y.Çaykaya və Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri A.Bastrıkinə müvafiq məktublar göndərilib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi - istintaq qrupunun üzvü və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinin əməkdaşı Moskva şəhərinə ezam edilib.
Eyni zamanda G.Sterliqovun barəsində interpol xətti ilə elan edilmiş beynəlxalq axtarışın siyasi motivlərlə dayandırılması əsassız hesab edilməklə beynəlxalq axtarışın bərpa edilməsi üçün İnterpolun Baş katibi Y.Ştoka əlavə məktub göndərilib.
