Qırğızıstan "yol xəritəsi"ni təsdiqləməyi təklif edib
Qırğızıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ticarət, investisiya və maliyyə sahələrində əməkdaşlığa dair "yol xəritəsi"ni təsdiqləməyi təklif edir.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, türk dövlətlərinin qlobal sistemdə mövqeyinin güclü şəkildə təmsil olunması da əsas prioritetlərdəndir:
"Düşünürəm ki, Qırğızıstanın bu təklifi ümumilikdə Türk Dövlətləri Təşkilatının konseptual yanaşmalarına zidd deyil. Təşkilat çərçivəsində üzv ölkələrin mütəmadi olaraq ortaq maraqların və ümumi yol xəritəsinin müəyyənləşdirilməsi istiqamətində təşəbbüslər müşahidə olunur. Xüsusilə ticarət, investisiya və maliyyə sahələrində ortaq hədəflərin müəyyən edilməsi üzv dövlətlər üçün daim müzakirəyə açıq mövzular sırasındadır. Bu baxımdan əməkdaşlıq imkanlarının genişləndirilməsini digər dövlətlər də müsbət qarşılayacaq təşəbbüslərdən biri hesab oluna bilər. Mən düşünmürəm ki, bu yanaşma digər beynəlxalq təşkilatlarla münasibətlərə mənfi təsir göstərə bilər. Çünki Türk Dövlətləri Təşkilatı son illərdə həm türk kimliyinin qorunması, həm də təşkilati strukturların gücləndirilməsi istiqamətində mühüm addımlar atıb. Paralel olaraq türk dövlətlərinin qlobal sistemdə mövqeyinin güclü şəkildə təmsil olunması da əsas prioritetlərdəndir. Eyni zamanda, hər bir üzv dövlət öz milli maraqlarının və ümumtürk maraqlarının müdafiəsi istiqamətində fəal iştirakını davam etdirir, çoxtərəflilik prinsipi əsasında əməkdaşlıq imkanlarını dəyərləndirir".
Xədicə Məhərrəmli