Qiymətlərdə qalxma müşahidə olunur
ABŞ, Rusiyanın iki böyük neft şirkəti olan "Rosneft" və "Lukoil" şirkətlərini, həmçinin onların törəmə müəssisələrini sanksiyalar siyahısına əlavə edib. Türkiyədə 600-dən çox filialı olan "Lukoil" daxil olmaqla bu iki böyük neft şirkətinə qarşı qəbul edilən sanksiya qərarından sonra dünya üzrə neft qiymətləri artmağa başlayıb.
ABŞ maliyyə naziri Skott Bessent, Rusiya prezidenti Vladimir Putinin müharibəni dayandırmaqdan imtina etməsi səbəbindən Kremlin müharibəsini maliyyələşdirən iki böyük neft şirkətinə qarşı sanksiyalar tətbiq olunduğunu bildirib. O deyib ki, “Maliyyə Nazirliyi, prezident Donald Trampın daha bir müharibəni dayandırmaq səylərini dəstəkləmək üçün lazım gələrsə, əlavə addımlar atmağa hazırdır. Müttəfiqlərimizi də bu sanksiyalara qoşulmağa çağırırıq".
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayılan açıqlamada, bu şirkətlərin ABŞ-də yerləşən və ya ABŞ vətəndaşlarının nəzarətində olan bütün əmlaklarının dondurulduğu bildirilib. Həmçinin, sanksiyaya məruz qalan şəxslərə və ya qurumlara birbaşa və ya dolayı şəkildə 50 faiz və ya daha çox payla məxsus olan bütün digər şirkətlərin də avtomatik olaraq sanksiya siyahısına daxil edildiyi qeyd olunub. ABŞ vətəndaşlarının və ya ABŞ üzərindən fəaliyyət göstərən qurumların bu aktivlərlə hər hansı maliyyə əməliyyatı aparması qadağan edilib.
Brent markalı neftin bir bareli beynəlxalq bazarlarda 64,37 dollar qiymətinə satılıb. Dünən 63,56 dollara qədər yüksələn Brent neftinin barel qiyməti günü 62,95 dollar səviyyəsində başa vurub. Bu gün saat 09:17-yə olan məlumata görə, Brent neftinin barel qiyməti 2,2 faiz artaraq 64,37 dollar olub. Həmin saatda Qərbi Texas markalı xam neftin bareli 60,62 dollar dəyərində alınıb.
Haberler.com
Aygün Babayeva