“Qlobal siyasətin taleyi iki gündə müzakirə ediləcək”- ŞƏRH
“ABŞ-nin G20-yə sədrliyi 14–15 dekabr tarixlərində Florida ştatının Mayami şəhərində yerləşən Trump National Doral kompleksində Prezident Donald Trampın ev sahibliyi edəcəyi liderlər sammiti ilə yekunlaşacaq”, - ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, G20 sammitində ənənəvi olaraq qlobal arenada baş verən problemli məsələlər, dünya siyasətindəki dəyişikliklər, risklər və əməkdaşlıq imkanları müzakirə olunur:
“Bu sammitdə də eyni məsələlərin müzakirəsi mümkündür. Çünki qlobal arenada hazırda ciddi dəyişikliklər baş verir və güclü qarşıdurmalar kəskinləşməkdədir. Belə bir gündəlik risklər formalaşıb ki, bu da dünyanın ən böyük 20 ölkəsinin əsas müzakirə mövzularından biri olacaq. Eyni zamanda tranzit məsələlər, regionlar və qitələrarası əlaqələrin canlandırılması, iqtisadi potensialın maksimum dərəcədə qiymətləndirilməsi kimi mövzular da gündəmdə olacaq. Risklərdən necə sığortalanmaq, sülh və sabitliyi necə qorumaq kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir. Lakin böyük ehtimalla bu danışıqlar da əvvəlkilər kimi formal xarakter daşıyacaq. Çünki sammitdən sonra G20 ölkələri ümumi maraqları bir kənara qoyaraq daha çox öz milli maraqlarının təmininə fokuslanacaqlar”.
Həşim Səhrablı qeyd edib ki, ABŞ-nin ev sahibliyi etməsi xüsusi bir məna kəsb etmir:
“G20 zirvə sammiti hər il fərqli ölkədə keçirilir. Bu, həmin ölkənin dünyaya xüsusi bir mesaj verməsi anlamına gəlmir. Məsələn, ötən il sammit Cənubi Afrika Respublikasında keçirilib və bu da xüsusi mesaj kimi qəbul olunmayıb. Eyni şəkildə ABŞ-də keçirilməsi də sadəcə yer seçimidir. Sammit hər il təşkil olunur və bu dəfə Amerikada keçiriləcək. Lakin ABŞ tərəfi bəyan edib ki, Cənubi Afrika Respublikasını G20 sammitinə dəvət etməyəcək. Bu isə iki ölkə arasındakı siyasi gərginlikdən irəli gələn addım kimi qiymətləndirilə bilər. Əgər bu cür diplomatik baxımdan qeyri-etik addım atılarsa, bu narazılıqla qarşılana bilər. ABŞ-yə dost və tərəfdaş olan ölkələr bu qərarı dəstəkləyəcək, əks mövqedə olan ölkələr isə Cənubi Afrika Respublikasına dəstək verə bilər. Sammitin regional əhəmiyyətinə gəldikdə isə hər bir dövlət öz regionunu təmsil edir. Məsələn, Çin Asiya regionunun əsas iqtisadi və hərbi-siyasi gücü kimi bölgəsində sabitlik və maraqlarını müdafiə edəcək. Eyni zamanda Avropa ölkələri, Türkiyə, ABŞ və digər dövlətlər də öz regionlarında mövcud problemləri gündəmə gətirərək, onların həlli prosesində milli maraqlarının təmin olunmasına çalışacaqlar”.
Nuray Əliyeva
