“Qərbin planı Moskva üçün həm zərbə, həm də imkan yaradır”
ABŞ Avropaya Rusiyanın qlobal iqtisadiyyata qayıtması üçün gizli bir plan təqdim edib. Bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. “Planda Ukraynadakı layihələr üçün Rusiya aktivlərinin 200 milyard dollarının ayrılması nəzərdə tutulur”, - məlumatda deyilib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Avropaya Rusiyanın qlobal iqtisadi sistemə qismən qayıdışını nəzərdə tutan gizli plan təqdim etməsi, xüsusilə də dondurulmuş Rusiya aktivlərindən 200 milyard dollarlıq paket ayrılması barədə məlumatlar artıq transatlantik münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir:
“Bu planın mərkəzində ABŞ-nin Avropanı daha çox proseslərin içində saxlamaq, eyni zamanda Ukrayna müharibəsinin davamlı maliyyələşdirilməsi üçün uzunmüddətli model hazırlamaq cəhdi dayanır. Bununla belə, Vaşinqtonun təşəbbüsü həm Avropa İttifaqı daxilində, həm də ABŞ–Aİ münasibətlərində müəyyən siyasi gərginliklər yarada bilər. Çünki Avropanın bir çox paytaxtlarında Rusiyanın istənilən formada “qayıdışı” siyasi risk kimi qiymətləndirilir və bu addım onların daxili ictimai-siyasi mühitində ciddi debatlar doğura bilər. Digər tərəfdən, ABŞ bu plan vasitəsilə Avropaya mesaj verir ki, Vaşinqton proseslərin nəzarətini əldən buraxmaq niyyətində deyil və Avropa üçün yeni təhlükəsizlik arxitekturası ABŞ-nin strateji yanaşmasına əsaslanmalıdır. Bu isə ABŞ–Aİ münasibətlərində asılılıq elementlərini gücləndirə, Avropa siyasi elitaları arasında “strateji muxtariyyət” diskussiyalarını yenidən alovlandıra bilər”.
Politoloq qeyd edib ki, Rusiyanın öz baxımından isə Qərbin belə bir planı Moskva üçün ikili məna daşıya bilər:
“Bir tərəfdən, aktivlərin bir hissəsinin Ukraynanın bərpasına yönəldilməsi Kreml üçün siyasi rəmzi zərbədir və Moskvanın bunu “şərtlərin diktə edilməsi” kimi qəbul etməsi tamamilə realdır. Digər tərəfdən, Rusiyanın qlobal iqtisadi sistemə qismən inteqrasiyası, hətta məhdud şəkildə belə olsa, Moskva üçün müəyyən imkanlar yarada bilər. Xüsusilə Çin və “qeyri-Qərb blokundan” iqtisadi asılılığın bir qədər balanslaşdırılması baxımından. Lakin bunun siyasi tərəfi daha mürəkkəbdir. Qərbin hansı şərtlərlə iqtisadi münasibətləri yumşaltmağa hazır olduğu, bu prosesin Moskvanın Ukrayna və Avropa siyasətinə hansı təsirləri göstərəcəyi hələ aydın deyil. Kremlin qəbul etdiyi Qərb–Rusiya münasibətlərinin yeni modeli, görünür, qarşıdurma və rəqabət üzərində qurulub və buna görə də Qərbin bu addımı Moskvanı strateji kursunu dəyişməyə vadar etmir. Əksinə, Rusiya bunu Qərbin öz daxilində yaranan siyasi ziddiyyətlərin, yorğunluğun və Ukraynanın maliyyələşdirilməsi ilə bağlı dilemmanın göstəricisi kimi təqdim edə bilər. Nəticə olaraq, ABŞ-nin hazırladığı bu plan həm transatlantik əlaqələrdə yeni siyasi gərginlik yarada, həm də Qərb–Rusiya münasibətlərində taktiki dəyişikliklərə gətirib çıxara bilər. Amma strateji səviyyədə nə Avropa, nə də Rusiya yaxın dövrdə mövcud siyasi xəttini köklü şəkildə dəyişməyə hazır görünmür”.
Nuray Əliyeva
