00:00:00
Yazar
Admin User
21.11.2025 14:24 117 3 dəq oxuma
Siyasət

Qətnamə qəbul edilib

Qətnamə qəbul edilib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İrandan nüvə ehtiyatı və zənginləşdirilmiş uran miqdarı barədə gecikmədən hesabat verməsini tələb edən qətnaməyə səs verib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

 

Məlumata görə, qətnamə AEBA-nın 35 üzvdən ibarət idarə heyətinin qapalı iclasında qəbul edilib. Qətnamədə Tehranın zənginləşdirilmiş uran ehtiyatının vəziyyəti və bombardman edilmiş nüvə obyektlərinin yerləri barədə agentliyə gecikmədən məlumat verməsi tələb olunur. Qətnamə 19 lehinə, 3 əleyhinə və 12 bitərəf səslə qəbul edilib.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a siyasi şərhçi Həşim Səhrablı açıqlama edib:

 

“Bu, əslində yeni olmayan, lakin fərqli formada tətbiq edilən siyasi təzyiq vasitəsidir. Qərb mərkəzli qüvvələr, o cümlədən ABŞ müxtəlif metodlardan istifadə etməklə İrana siyasi təzyiqləri artırmağa çalışırlar. Məqsəd hakimiyyəti devirmək olmasa da, ən azından onu ram etməkdir. Bu qətnamə də həmin təzyiq mexanizmlərinin başqa bir forması kimi görünür. Qətnamənin İranın nüvə proqramında real şəffaflıq yaratmasına gəlincə, bu günə qədər istər MAQATE, istər digər qurumlar, eləcə də ayrı-ayrı qərb dövlətləri və ABŞ tərəfindən İrana qarşı müxtəlif bəyanatlar və təzyiqlər səsləndirilib. Lakin İran heç vaxt bu qətnamələrə və qərarlara görə öz milli maraqlarından imtina etməyib. Hətta dünyanın ən çox sanksiya tətbiq edilən ölkələrindən biri olduğu və iqtisadiyyatı ağır vəziyyətə düşdüyü dövrlərdə belə, Tehran öz mövqeyini dəyişməyib. Düşünürəm ki, indiki kimi vasitələr də İran hakimiyyətini öz yolundan döndərmək üçün kifayət etməyəcək. Çünki əvvəlki 15–20 illə müqayisədə İranın Rusiya və digər tərəfdaşları daha güclüdür və bu da Tehranın daha rahat addımlar atmasına imkan yaradır”. 

 

H. Səhrablı qeyd edib ki, İranın nüvə obyektləri ilə bağlı əlavə məlumat verməsinin regiondakı güc balansını dəyişməsi real görünmür:

 

“Çünki İranın obyektlərlə bağlı məxfi hesab etdiyi məlumatları paylaşacağını düşünmürəm. İran bundan əvvəl necə edirdisə, indidə ancaq məxfiliyi olmayan və milli maraqlarına təhlükə yaratmayan məlumatları təqdim edəcək. Əsas təhlükəsizlik zəruri hesab edilən məlumatları isə paylaşmayacaq”.

 

Müsahibimiz son olaraq açıqlamasında bildirib ki, on iki ölkənin bitərəf qalması beynəlxalq mövqenin parçalanması kimi qiymətləndirilə bilməz:

 

“Bu daha çox həmin dövlətlərin İranla bağlı diplomatik proseslərin nəyisə dəyişdirəcəyinə inanmadıqlarını göstərir. Onlar anlayırlar ki, uzun illərdir İrana qarşı müxtəlif qətnamələr və sanksiyalar qəbul edilir, çağırışlar edilir, amma İran tərəfi bundan dərs çıxarmır və öz siyasətini dəyişmir. Bu, onların mövqeyinin əsas səbəbidir.

 

Digər tərəfdən, həmin dövlətlər artıq qlobal qarşıdurmaların yaranması riskinin artdığını görə bilirlər. İran isə şərq blokunun – Rusiya və Çin kimi güc mərkəzlərinin – yaxın tərəfdaşı və müttəfiqi kimi çıxış edir. Belə bir şəraitdə çoxları gələcək mümkün qarşıdurmalardan kənarda qalmağa çalışır. Təkcə həmin on iki dövlətdən deyil, güc mərkəzləri ilə sıx bağlı olmayan digər ölkələr də öz xarici siyasətlərini elə formalaşdırmağa çalışırlar ki, hər hansı qarşıdurmada qurban olmasınlar. Bu səbəbdən onlar heç bir tərəfin əleyhinə qərarlarda iştirak etməyəcək, bütün tərəflərlə iqtisadi, siyasi və diplomatik münasibətləri qoruyacaqlar. Artıq yaxın gələcəkdə “kim insan hüquqlarına hörmət edir, kim etmir”, “kim demokratikdir, kim diktaturadır” kimi meyarların təsirinin zəifləyəcəyi də görünür. Həmin on iki ölkə isə yəqin ki, bu yeni reallığa indidən uyğunlaşmağa başlayır”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər