Qətər ABŞ–Venesuela böhranında vasitəçi ola bilər
Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani bildirib ki, Vaşinqton razı olarsa, Qətər ABŞ və Venesuela arasında vasitəçi kimi çıxış edə bilər. O qeyd edib ki, Tramp administrasiyası dövründə əlaqələr bərpa olunsa da, konkret addımlar atılmayıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında qeyd edib ki, prinsipcə Qətər burada yalnız platforma rolunu oynaya bilər:
“Yəni tərəfsiz vasitəçi ölkə kimi çıxış edə bilər. Amma bu, onun regiondakı qüvvələr balansına real təsir etmək imkanı olduğu mənasına gəlmir. Qətər kiçik ölkədir. Bəli, zəngindir, neft və qaz sahəsində dünya liderlərindən biridir, amma bu, onun siyasi sferada ciddi addımlar ata biləcəyi demək deyil. Söhbət elə həmin Qətərdən gedir ki, qısa müddət öncə İran tərəfindən onun əraziləri vurulub və heç İrana cavab da verilməyib. Məsələn, Amerika Birləşmiş Ştatları bu cür hallarda müdaxilə edə bilər. Yəni bu tip ölkələrin dünya siyasi arenasında çəkisi o qədər də böyük deyil. Ola bilər ki, müəyyən maliyyə dairələrində və ya iqtisadi sahələrdə gücləri olsun, amma geosiyasi və siyasi çəkiləri az olduğu üçün ABŞ–Venesuela gərginliyi kimi, beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmayan, Amerika üçün əhəmiyyətli bir məsələyə Qətərin real təsir göstərə bilməsi inandırıcı görünmür. Burada Qətər yalnız neytral vasitəçi rolunda çıxış edə və sadəcə bir platforma təklif edə bilər.”
Politoloqun sözlərinə görə, əgər Amerika Birləşmiş Ştatları ilə Venesuela arasında diplomatik münasibətlərin bərpasından danışırıqsa, ilk növbədə problemin mahiyyətinə baxmaq lazımdır:
“Ümumiyyətlə, Venesueladakı Maduro hökuməti sol meylli və güclü avtoritar bir sistemə malikdir. Bu sistem öz varlığını qeyri-qanuni yollarla təmin edir. Burada söhbət narkotik ticarəti, qeyri-leqal iqtisadi dövriyyə, silah qaçaqmalçılığı və insan alveri kimi məsələlərdən gedir. Maduro hakimiyyətinin dayaqları məhz bu strukturlardır. Tramp isə ölkədəki narkotik problemlərinin qarşısını almağa çalışır. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə aydın məsələdir ki, Latın Amerikasında ABŞ siyasətinə qarşı çıxan əsas ölkə Venesueladır. Maduro hökuməti də məhz bu səbəbdən Tramp və ümumiyyətlə ABŞ administrasiyalarının hədəfindədir. ABŞ uzun illərdir bu ölkədə hakimiyyəti dəyişdirməyə çalışır. Təsadüfi deyil ki, Nobel Sülh Mükafatının Venesuelalı müxalifət nümayəndəsinə verilməsi də bu siyasətin bir göstəricisidir. Maduro hakimiyyətdə qaldığı müddətdə ABŞ və Venesuela arasında münasibətlərin normallaşması mümkün deyil. Tramp administrasiyası və ümumilikdə ABŞ-nin Latın Amerikası siyasəti hər zaman iki prinsipə əsaslanır: “böyük dəyənək” siyasəti və “dollar diplomatiyası”. Yəni ABŞ əvvəlcə Latın Amerika ölkələrinə borc verir, daha sonra isə bu borcu təzyiq vasitəsinə çevirərək həmin ölkələrin daxili siyasətinə, strateji qərarlarına müdaxilə edir. Bununla da öz təsir dairəsini qorumağa çalışır. Daha dəqiq desək, Latın Amerikası ABŞ-nin “arxa bağçası” hesab olunur və Vaşinqton istəyir ki, bu vəziyyət dəyişməsin”.
Mələk Hüseynova