Qətərə hücum təhdidi
Ərəb və İslam ölkələri Qətərə yönəlik hücum təhlükəsinə cavab olaraq İsrailə qarşı atılacaq bütün addımları dəstəkləyəcəklər.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a bildirib ki, İsrailin bu addımını qlobal sistemin bir çox faktorları qəbul etmir:
"Avropa ölkələrinin İsrailin Qətərə olan hücumunu pisləyən bəyanatları və bu istiqamətdə ortaya qoyduqları mövqe artıq bunu deməyə əsas verir. Qərb dövlətləri ilə Qətərin münasibətlərini və Qətərin son illərdə vasitəçilik missiyasını uğurla həyata keçirdiyini nəzərə alsaq, demək olar ki, Qətər Orta Şərqdə ərəb ölkələri ilə Qərb arasında körpü rolu oynayan əsas dövlətlərdən biridir. Eyni zamanda, enerji təchizatı sahəsində də önəmli tərəfdaşdır və bu kimi faktorlar Qətərin qlobal sistemdəki əhəmiyyətini artırır. Bu baxımdan, İslam dünyasının və ərəb ölkələrinin Qətərin mülkiyyətinin və təhlükəsizliyinin müdafiəsi ilə bağlı səsləndirdiyi fikirlər, bəyanatlar və qəbul etdikləri qərarlar göstərir ki, bu məsələ geniş beynəlxalq dəstəyə malikdir və ciddi əks reaksiya ilə qarşılaşmayacaq. Təbii ki, İsrailin addımları, xüsusən də ABŞ başda olmaqla kollektivi Qərb dəstəkləyir. Bu isə Qəzzada baş verən insanlıq əleyhinə cinayətlərə və humanitar fəlakətə səbəb olan əsas amillərdən biridir. Çünki İsrailin davranışına qarşı qlobal səviyyədə heç bir cəza mexanizmi işləmir və bu vəziyyəti qoruyan əsas güc mərkəzləri də elə həmin Qərb dövlətləridir.
Bununla belə, Qətərin mövqeyinin müdafiəsi məsələsində İslam dünyası, ərəb ölkələri və bir çox beynəlxalq aktorlar arasında ciddi fikir ayrılığı müşahidə olunmur".
Bayramlı Zəri