00:00:00
Yazar
Zəhra Həsənova
12.11.2026 22:57 29 4 dəq oxuma
Maraqlı

“Qulliverin səyahətləri” romanının əsl məzmunu 300 ildir yanlış anlaşılır

“Qulliverin səyahətləri” romanının əsl məzmunu 300 ildir yanlış anlaşılır

Conatan Sviftin 1726-cı ildə nəşr olunan “Qulliverin səyahətləri” romanı 300 il ərzində dəfələrlə dəyişdirilib, ixtisar olunub və müxtəlif formalarda yenidən təqdim edilib. Əsər bu gün daha çox uşaqlar üçün fantastik macəra hekayəsi kimi tanınsa da, əslində insan təbiətini, siyasəti, müstəmləkəçiliyi və cəmiyyətdəki qüsurları tənqid edən satirik əsərdir.

 

BBC-nin materialına görə, romanın ən çox tanınan səhnələrindən biri gəmi qəzasından sonra sahilə çıxan Lemuel Qulliverin liliputların əlində əsir düşməsidir. Onun bədəni kiçik insanların kəndirləri ilə bağlanır və liliputlar onun üzərində hərəkət edirlər. Bu səhnə əsərin müxtəlif ekranlaşdırmalarında və bədii adaptasiyalarında dəfələrlə canlandırılıb.

 

Lakin romanın orijinal variantında daha qaranlıq və düşündürücü epizodlar da yer alır. Qulliver səyahətləri zamanı itlər üzərində qəribə təcrübələr aparan alimlərlə, eləcə də Houyhnhnms adlanan danışan atların yaşadığı cəmiyyətlə qarşılaşır. Həmin cəmiyyətdə ağıllı və rasional hesab edilən atlar insanabənzər, lakin vəhşi Yahoosları məhv etməyi müzakirə edirlər.

 

Əsərin əsas xüsusiyyətlərindən biri insan təbiətinə yönələn sərt tənqiddir. Svift hüquq sistemindəki problemləri, siyasi hakimiyyətin davranışlarını, müstəmləkəçilik siyasətini və insanların özlərini digərlərindən üstün görmək meylini satira vasitəsilə təqdim edir. Romanın sonunda isə insanlardan ikrah duyan Qulliver evinə qayıtdıqdan sonra belə özünü cəmiyyətdən təcrid edir və vaxtının böyük hissəsini atların yanında keçirir.

 

London Kral Kollecinin ingilis dili üzrə professoru Abiqeyl Uilyamsın fikrincə, Svift romanı macəra əsəri kimi deyil, öz dövrünün problemlərinə və ümumilikdə insanlığa yönəlmiş satirik tənqid nümunəsi kimi qələmə alıb. Bununla belə, müəllif macəra ədəbiyyatının imkanlarından istifadə edərək əsərin özünün də macəra hekayəsi kimi qəbul edilməsinə şərait yaradıb.

 

Romanın ilk nəşri 1726-cı ildə anonim şəkildə işıq üzü görüb. Əsərin siyasi və mübahisəli məzmunu müəllifin kimliyini gizli saxlamağı zəruri edib. Kitab qısa müddətdə böyük maraq doğurub və ilk tirajı tezliklə satılıb. Onun fantastik elementləri gənc oxucuların, insan təbiətinə yönəlmiş satirik məzmunu isə ziyalıların diqqətini cəlb edib.

 

Bununla belə, əsər ilk nəşrindən etibarən dəyişikliklərə məruz qalıb. Nəşriyyatçı Benjamin Motte bəzi siyasi tənqidləri ixtisar edib, kraliça Anna haqqında müdafiə xarakterli hissələr əlavə edib. Daha sonra ucuz kitabçalar şəklində yayılan nəşrlər romanın məzmununu daha da sadələşdirib.

 

Sviftin ölümündən sonra, 1776-cı ildə isə naşir Frensis Nyuberi əsərin ixtisar edilmiş variantını hazırlayıb. Bu nəşrdə elmi cəmiyyətin fəaliyyətini ələ salan Laputa adasına səyahət və danışan atların yaşadığı Houyhnhnms ölkəsi ilə bağlı hissələr tamamilə çıxarılıb. Beləliklə, romanın siyasi və fəlsəfi məzmunu arxa plana keçərək daha çox Qulliverin liliputlar və nəhəng insanların yaşadığı ölkədəki macəralarına yönəlib.

 

Tarixçi Hester Qrant hesab edir ki, əsərin bu cür sadələşdirilməsində Viktoriya dövrünün ictimai və dini baxışları mühüm rol oynayıb. Həmin dövrdə romanın kobud yumor elementləri, seksual məzmunu və insanlığa bədbin yanaşması ciddi tənqid olunub. Nəticədə əsərin narahatedici hesab edilən hissələri çıxarılıb, daha münasib və uşaqlar üçün uyğun variantı ön plana çəkilib.

 

Ədəbiyyat üzrə tədqiqatçı Daniel Kuk isə romanın dördüncü hissəsinin xüsusilə kəskin insanlıq tənqidi daşıdığını vurğulayır. Onun fikrincə, əsərin məhz bu hissəsində Svift insanın mahiyyətini və cəmiyyətdəki davranışlarını sorğulayır. Bu səbəbdən uşaqlar üçün hazırlanmış nəşrlərdə əsasən ilk iki səyahətə yer verilib.

 

Sviftin şəxsi həyatı və siyasi fəaliyyəti də romanın məzmununa təsir göstərib. O, uzun müddət Vestminsterdə mühafizəkar siyasi dairələrlə əlaqədə olub və siyasi nüfuz sahibi kimi tanınıb. Lakin 1714-cü ildə kraliça Annanın ölümündən sonra xidmət etdiyi hökumət süqut edib. İngiltərə kilsəsində yüksək vəzifə gözləyən yazıçıya isə Dublindəki Müqəddəs Patrik Katedralinin dekanlığı verilib. Svift bu təyinatı bir növ sürgün kimi qəbul edib. Tədqiqatçıların fikrincə, onun siyasi nüfuzunu itirməsi, məyusluğu və xəyanət hissi romandakı saray həyatı, hakimiyyət və nankorluq mövzularına da təsir göstərib.

 

İrlandiyada doğulan Sviftin bu ölkə ilə münasibətləri də mürəkkəb olub. O, bir tərəfdən İrlandiyanın ağır vəziyyətini tənqid edib, digər tərəfdən ölkəsinin İngiltərənin müstəmləkəçi siyasətinə qarşı müstəqilliyini müdafiə edib. Bu yanaşma romanın bəzi siyasi epizodlarında da öz əksini tapıb.

 

Daniel Kuk hesab edir ki, əsərin müxtəlif dövrlərdə dəyişdirilməsi onun ilkin ideyasının geniş ictimaiyyətə tam çatdırılmasına mane olub. Bununla belə, “Qulliverin səyahətləri” zaman keçdikcə dünya ədəbiyyatının ən çox araşdırılan əsərlərindən birinə çevrilib. Romanın təsiri müasir mədəniyyətdə də hiss olunur. Məsələn, kompüter texnologiyalarında istifadə edilən “endianness” termini və Yahoo axtarış sisteminin adı əsərlə əlaqələndirilir.

 

Corc Oruell və Silviya Plat kimi tanınmış yazıçılar da əsərə istinad ediblər. Oruell Sviftin satirik yanaşmasında müasir totalitarizmin müəyyən əlamətlərinin əvvəlcədən təsvir edildiyini düşünürdü.

Beləliklə, 300 il əvvəl nəşr olunan “Qulliverin səyahətləri” bu gün də yalnız fantastik macəra əsəri kimi deyil, insanlığın qüsurlarını, siyasi hakimiyyətin mahiyyətini və cəmiyyətin ziddiyyətlərini araşdıran mühüm ədəbi nümunə kimi qiymətləndirilir. Əsərin müxtəlif dövrlərdə dəyişdirilməsi isə onun əsl ideyasının hələ də müzakirə olunmasına səbəb olur.

Ada Hacızadə

#gündəm #yanlış #300 #“qulliverin #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər