00:00:00
Yazar
Admin User
12.11.2025 16:22 426 3 dəq oxuma
Siyasət

Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?

Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?

Azərbaycandan qayıdan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Gürcüstan Hava Naviqasiya Xidməti hərbi təyyarənin həyəcan siqnalı vermədən radarlardan itdiyini açıqlayıb.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinə aid təyyarənin dünən qəzaya uğraması nəticəsində təyyarədə olan 20 nəfərin hamısının həyatını itirdiyi bildirilib:


“Bu, çox üzücü və düşündürücü hadisə olub. Təbii ki, qəzadan dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib, iki lider arasında telefon danışığı baş tutub. Hadisənin səbəbləri haqda hazırda sosial mediada və bəzi media vasitələrində müxtəlif rəylər səsləndirilir, ehtimallar müzakirə olunur. Ancaq şübhəsiz ki, aidiyyəti qurumların rəsmi rəyi, açıqlaması olmadan hər hansı qəti fikir söyləmək xətalıdır. Hətta Bakıda keçirilən Zəfər Paradında Pakistan, Türkiyə və Azərbaycan liderinin birgə iştirakını, bu üç dövlətin sıx müttəfiqliyini həzm edə bilməyənlərin bu hadisələri meydana gətirə biləcəklərini iddia edənlər də var. Çünki Pakistanda da dünən partlayış törədilib, həyatını itirənlər var. Habelə Gədəbəyin Mormor ərazisində ermənilərin meşə yanğınları törətdiyini yazanlar da var. Bu üç hadisənin eyni mənbədən qaynaqlandığı versiyası və digər mülahizələr sözsüz ki, heç bir rəsmi rəyə əsaslanmır. Ən doğru faktı aidiyyəti dövlətlərin aidiyyəti qurumları elan edənədək bu cür yozumlar olacaq. Məlumata görə Gəncə hava limanına dünən eniş edən təyyarə 2 saat ərzində orda gözləmədə olub. Təyyarənin ekipajı göyərtəni və hava limanının ərazisini tərk etməyib. Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub. Qəzaya uğrayan təyyarənin uzun müddət istismarda olduğu deyilir. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub. İlkin versiyaya görə təyyarə uzun müddətdir istismarda olduğundan, onun korpusunda korroziya yarana bilər ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. Digər versiya ondan ibarətdir ki, yük təyyarələrində daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir. Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün səbəb yaradır. Təbii ki, təyyarənin qara qutusu qəzanın törəmə səbəblərinə aydınlıq gətirməlidir. Regionda keçirilən hərbi təlimlərin bu kimi hadisələrin sayını artıracağını demək üçün hadisənin səbəbi ortaya çıxmalıdır. Lakin düşünürəm ki, hərbi təlimlərin nəticəsində belə hadisələr mütəmadi təkrar olunsun”.

 

Əlavə olaraq Tural İrfan bildirib ki, hadisənin informasiya müharibəsinə çevrilib çevrilməməsi məsələsi də yenə səbəbdən asılıdır:

 

“Hadisənin dəqiq səbəbi bilinməyənədək ortaya atılan informasiyalar ya versiya ya ehtimal ya da yozumlardır. Təyyarənin xəbərdarlıq siqnalı vermədən radarlardan yoxa çıxmasının hərbi təhlükəsizlik sistemlərinin zəif yaxud orada boşluq olması səbəbindən olmasını demək hələ ki, tezdir. Müəyyən texniki nasazlıq üzündən yaxud təyyarənin istifadə müddəti ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də bunların heç biri rəsmi araşdırmanın və rəyin yerini vermir. Ona görə də Türkiyənin Hərbi Hava Qüvvələrinin nüfuzuna ləkə vurmaq istəyən bəzi mənbələrin saxta məlumatlarının heç bir əhəmiyyəti yoxdur”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər