Qəzza ekspertləri 90 fələstinlinin cəsədini müəyyən etmək üçün çalışırlar!
Qəzzada səhiyyə rəsmisi bildirib ki, ekspertlər HƏMAS-ın saxladığı ölü girovlar müqabilində İsrail tərəfindən təhvil verilən 90 fələstinlinin cəsədinin şəxsiyyətini müəyyənləşdirmək üçün çalışırlar.
HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin xəstəxanalarının baş direktoru doktor Məhəmməd Zaqutun sözlərinə görə, onlar uğursuz olarsa, ailələrin itkin qohumlarını axtara bilməsi üçün fotoşəkillər internetdə yerləşdiriləcək.
Xan Yunisdəki Nasser xəstəxanasında saxlanılan cəsədlərin Qəzzada və ya İsrail nəzarətində ölən fələstinlilərə aid olduğu bəlli deyil.
Bəzi kadrlarda gözü bağlı bir adamın cəsədi görünüb. Başqa bir cəsədin bilək və topuqlarının ətrafında izlər olduğu qeyd olunub.
BBC İsrail ordusu və ədliyyə nazirliyindən şərh istəyib. Onlar əvvəllər məhbuslara qarşı geniş yayılmış pis rəftar və işgəncə ilə bağlı ittihamları rədd ediblər.
HƏMAS ilə ötən həftə imzalanmış atəşkəs razılaşmasına əsasən, İsrail hər ölən israilli girov müqabilində 15 fələstinlinin cəsədini təhvil verməyə razılaşıb.
İndiyədək İsrail hərbçiləri altı israilli girovun qalıqlarının geri qaytarıldığını bildirib.
Daha bir girovun - nepallının cəsədi də girov olmayan daha bir şəxsin qalıqları ilə birlikdə Qəzzadan qaytarılıb.
İsrail HƏMAS-ı razılaşdırıldığı kimi qalan 21 ölən girovun cəsədlərini çıxarmaq üçün "bütün lazımi səyləri göstərməyə" çağırıb.
Son 20 canlı girov bazar ertəsi günü Həmas tərəfindən İsrail həbsxanalarında olan 250 fələstinli məhbus və Qəzzadan olan 1718 məhbus qarşılığında təhvil verilib.
BBC News
Ayan Eyvazova